Yollarda təhlükəsizlik-Texniki nəzarətmi, yoxsa sürücü mədəniyyətimi?
Bölmə: Sosial › ,Tarix: 19:19 25.12.2024
"Adətən sürücülər radar qurğularının yerləşdiyi nöqtələrdə sürəti azaltmaqla kifayətlənir və bu qurğuları keçdikdən sonra sürət həddini yenidən aşırlar. Bu, xüsusilə həmin yolları tez-tez istifadə edən sürücülər arasında müşahidə olunur, çünki onlar radarların dəqiq mövqelərini yaxşı bilirlər".
Bu sözləri "informator.az"a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynov söyləyib. Ekspert mövcud nəzarət sistemlərinin çatışmazlıqlarından da bəhs edib:
"Azərbaycanda sürət həddinə nəzarət məqsədilə tətbiq olunan texniki nəzarət sistemləri kifayət qədər inkişaf etmiş və geniş yayılmışdır. Bu sistemlərə radar qurğuları və qəzaları qeydə alan xüsusi kameralar daxildir. Ölkəmizdə bu cür texnoloji həllər digər bir çox ölkələrlə müqayisədə daha geniş tətbiq olunur. Bununla belə, texniki vasitələrdən istifadənin bəzi məhdudiyyətləri mövcuddur. Məsələn, Bakı-Qazax magistral yolu kimi uzun məsafəli avtomobil yollarında hər bir kilometr üçün radar qurğularının quraşdırılması həm texniki, həm də maliyyə baxımından qeyri-mümkündür. Beləliklə, nə texniki qurğular, nə də yol polisi əməkdaşları sürət həddinə tam nəzarəti təmin edə bilirlər.Belə vəziyyətlərdə sürət həddinə riayət olunması əsasən sürücü mədəniyyətindən asılıdır".
İlqar Hüseynovun sözlərinə görə, sürət həddinə nəzarəti effektiv şəkildə təmin etmək üçün sürücü mədəniyyətinin inkişaf etdirilməsi vacibdir:
"Bunun üçün maarifləndirmə və təbliğat işlərinə xüsusi diqqət yetirilməli, sürücülərə sürət həddinə daim riayət etməyin əhəmiyyəti və zərurəti izah edilməlidir. Yalnız bu yanaşma yollarda təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verə bilər".
Fatimə Abdulrəhimli