"Şirməmməd Hüseynov. Biblioqrafiya" kitabının təqdimat mərasimi keçirilib
Bölmə: Sosial › ,Tarix: 22:32 25.12.2024
Azərbaycan Milli Kitabxanasında “Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının və elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində ilk söz Milli Məclisin sədri Rafael Hüseynova verilib:
“ Bu gün əziz bir gündür. Bir insan böyük bir yol keçir, həyatdan vaxtsız gedir və belə bir irs qoyub gedirsə, bu onun və millətin xoşbəxtliyidir. Şirməmməd Hüseynovun ömrü başdan sona qədər millətimizə xidmət yoludur. Bundan əlavə, millətə necə xidmət etməyin örnəyi olan ömürdür”.
Ardınca söz, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyliyə verilib:
“ Şirməmməd müəllim deyəndə bir neçə vacib məqamı diqqət mərkəzinə çəkmək lazım gəlir. O, Azərbaycan Mətbuat tarixinin ən görkəmli tədqiqatçılarından biridir. Məncə, Şirməmməd müəllim 20 cildlik Azərbaycan tarixi salnaməsi yaratmışdır. Tədqiqatı və irsi, əqidəsi bir-birini tamamlayan simalardan biridir”.
Tədbirin gedişatında növbəti çıxışı tanınmış jurnalist və ictimai xadim Cahangir Məmmədli edib:
“ Şirməmməd müəllim məktəblər yaratdı, müəllim məktəbi yaratdı. Mən bu həyatda nəyə sahibəmsə, Şirməmməd müəllimə borcluyam”.
Növbəti söz Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə verilib:
“ Şirməmməd müəllim çox böyük ziyalı idi. Cümhuriyyət dövrünü yaşamamışdı, ancaq Cümhuriyyət ideyaları onun bədəninə hopmuşdu”.
Anar Rzayevin çıxışından sonra 3 dəqiqəni əhatə edən elektron mətbuat bazası göstərilib.
Növbəti çıxışı Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev edərək Şirməmməd müəllimin "nahaq yerə ustad adlandırılmadığını" qeyd edib:
“ Bizim ən böyük arzumuz Şirməmməd müəllimin ənənələrini yaşatmaqdır".
525-ci qəzetin baş redaktoru Rəşad Məcid də Şirməmməd müəllimlə bağlı çıxış edib:
“ Ülkər xanım da xeyli məqalələrlə Şirməmməd müəllimin irsini davam etdirir. O irs həmişə davam edəcək”.
Rəşad Məcid çıxışı əsnasında Şirməmməd müəllimlə bağlı xatirələrini danışıb.
Tədbirin gedişatında Natiq Məmmədov, Qulu Məhərrəmli və digər görkəmli şəxslər çıxışlar etdilər. Tədbirin sonunda Şirməmməd Hüseynovun qızı Lalə Hüseynova çıxış etdi, tədbirin təşkil olunması ilə bağlı minnətdarlığını bildirdi. Növbəti dəqiqələrdə tədbir başa çatdı.
Nərmin Həşimova
Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi İctimai Birliyinin direktoru İradə Polad Laçında səfərdədir.