"Ölkənin avtonəqliyyat sektorunun inkişafı iqtisadiyyata müsbət təsir edir"
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:42 26.12.2024
Azərbaycanda ictimai nəqliyyat infrastrukturuna investisiya qoyulması dövlətin sosial-iqtisadi siyasətində əsas prioritetlərdən biridir. Bu sahədə yatırımlar paytaxt Bakıda və regionlarda daha müasir, effektiv nəqliyyat sistemlərinin yaradılmasını hədəf alır.
Bəs ictimai nəqliyyat infrastrukturuna ayrılan büdcə hansı mənbələrdən təmin edilir?
Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov “İnformator.az”a açıqlamasında bildirib ki, ictimai nəqliyyat infrastrukturuna ayrılan büdcə, nəqliyyat sektorundan toplanan məbləğdən, həmçinin dövlət büdcəsindən ayrılmalarla təmin edilir:
“ İnvestisiya məsələsinə gəldikdə isə, Azərbaycanda 2005-2015-ci illər ərzində təxminən 20 milyard dollar civarında investisiya yatırılıb. Burada həm yerli, həm də xarici investisiyaların payı var. Bu addımlar, gələcəyi düşünülmüş addımlardır. Hazırda da ölkəmiz xarici şirkətlər üçün bu sektorda investisiya yatırması üçün maraqlıdır. Misal üçün, Azərbaycanda çalışan taksi şirkətləri xeyli miqdarda Azərbaycana investisiya yatırıblar. Eyni zamanda, Azərbaycanda elektrobuslar istehsal olunacaq və hazırda gətirilir. Bu da həm yerli, həm də xarici investisiya sayəsində formalaşacaq və yeni zavod fəaliyyət göstərəcək”.
Ekspertin sözlərinə görə, bu investisiyaların iqtisadiyyata təsiri müsbət olacaq:
“ Çünki avtonəqliyyat sektoru iqtisadiyyatda aparıcı sektorlardandır. Hansı ölkənin avtonəqliyyat sektoru inkişaf edir və o ölkənin nəqliyyat sektorunda yatırımlar olunursa, birbaşa olaraq iqtisadiyyata müsbət təsir edir, iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verir. Məlumdur ki, xarici şirkətlər əsasən qazanc götürmək məqsədilə investisiya yatırırlar. Ölkəmiz bu cəhətdən cəlbedici olduğuna görə, bu sektora xarici investisiyalar yatırılır. Məqsəd qazanc əldə edilməsi və perspektivdə dövriyyəni artırmaqdır, bunun üçün Azərbaycanda münbit şərait var”.
Nərmin Həşimova