Ali təhsil sistemi və lazım olan dəyişikliklər
Bölmə: Sosial › ,Tarix: 20:05 07.01.2025
Bu gün bildirilib ki, Rusiya ali məktəbləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçir.
Yəni, Rusiyada təhsilin bakalavr pilləsi ləğv ediləcək.
Həmçinin bildirilib ki, iki yeni təhsil səviyyəsi tətbiq olunacaq: əsas ali (5-6 il) və ixtisaslaşdırılmış (1-3 il).
Təhsil və Elm Nazirliyi də bildirib ki, cari proqramlar üzrə təhsil alan tələbələr ilkin olaraq seçilmiş plana uyğun olaraq onları bitirə biləcəklər.
Bəs bu kimi dəyişikliyə bizim ali təhsil sistemimizdə ehtiyac varmı?
Məsələ ilə bağlı, təhsil eksperti Elçin Əfəndi "informator.az"a açıqlamasında bildirib ki, bizim təhsil sistemimizdə bu kimi dəyişikliyə ehtiyac yoxdur:
"Nəzərə çatdırım ki, Rusiyada tətbiq olunacaq bu qərar konkret olaraq Rusiya üçün nəzərdə tutulsa, elə yaxşıdır. Çünki dünyanın inkişaf etmiş ölkələrinə biz baxsaq, əksəriyyətində təhsil müddəti azaldılır, yəni minimal 3 ilə qədər endirilir, hətta bəzilərində 2 il müddətində ali təhsil təqdim olunur. Burada başlıca məqsəd ondan ibarətdir ki, biz məhdud vaxt ərzində ixtisaslı kadr hazırlığını həyata keçirə bilək".
Həmçinin ekspert bildirib ki, bizim ali təhsil sistemimizdə də müxtəlif dəyişikliklərə ehtiyac var:
"Təbii ki, bizdə də ali təhsil müəssisələrində ,ümumiyyətlə, ali təhsillə bağlı dəyişiklik olmalıdır. Düşünürəm ki, əsasən, bəzi ixtisasların bizim təhsil sistemində də vaxtı dörd ildən üç ilə qədər endirilməlidir. Beş-altı illik ixtisasların müddəti isə dörd ilə qədər azaldılmalıdır. Qeyri-ixtisas fənləri sıradan çıxmalıdır. Yalnız tələbəyə lazım olan, öz ixtisası ilə bağlı fənlər tədris olunmalı və məhz bu fənlər sayəsində ixtisaslı kadr olaraq hazırlanmalıdır. Bundan əlavə düşünürəm ki, bizim ali təhsildə tələbələrin təcrübə keçmək imkanı ən azı ikinci kursdan yaradılmalıdır. Onların təcrübə keçdiyi istiqamət artıq əmək fəaliyyətinə başlanması dövrü kimi qeyd olunmalıdır. Həmçinin biz yuxarı təhsil pilləsinə keçid almaq üçün belə bir qərar almalıyıq ki, tam orta ümumtəhsil müəssisələrinə baxsaq, yəni yuxarı təhsil dövründə, əsasən, 9-10-11ci sinif ali təhsilin ilkin pilləsi kimi düşünmək olar. Yəni tələbənin konkret ixtisaslaşma istiqamətidir və burada şagirdlər müəyyənləşdirə bilərlər ki, onlar hansı istiqamətə yönələcəklər, gələcəkdə hansı ixtisasın sahibi olmaq istəyirlər. Məhz həmin bu yuxarı siniflərdə hansı ixtisas üzrə təhsillərini davam etdirəcəklərsə, ilkin o istiqamətdə hazırlanıb daha sonra isə bakalavr pilləsində 3 il bu ixtisas üzrə təhsil alarsa və ya adını bakalavr yox bunun adını qoyaq əsas ali təhsil, ya da ixtisaslaşdırılmış təhsil. Belə olanda düşünürəm ki, ixtisaslar üzrə daha keyfiyyətli kadr hazırlamaq olar. Və bir sıra islahat aparmaq mümkündür. Yəqin ki, Elm və Təhsil Nazirliyi də bu barədə düşünür, düşünürəm ki, qarşıdakı illər ərzində bu barədə bizdə müvafiq qərarlar alacayıq".
Nigar Həsənzadə