Bölgələrdə müəllimlər üçün olan vakansiyalar mövzusu və təhsil-Ekspert yanaşması

Bölmə: Sosial › ,
Tarix: 19:54 10.01.2025

Bölgələrdə vakansiyalar daha çox olsa da, müəllimlərin çoxu şəhərdə işləməyi daha üstün bilir.

 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı "İnformator.az" a açıqlamasında bildirib ki, çox təssüf olsun ki, bu ildə hələ ki, bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaq üçün ciddi təsirdedici addımlar atılmayıb:

 

"Hazırda nəinki bölgələrdə, ümumiyyətlə bütün Azərbaycanda ümumtəhsil məktəblərinə müəllim qəbulu mərkəzləşmiş qaydada imtahanla keçirilir. Namizədlər topladığı bala uyğun olaraq istədiyi yeri seçə bildiyinə görə, daha çox şəhər məktəblərinə üstünlük verirlər. Beləliklə, ilk növbədə şəhər məktəblərində vakansiyalar tutulur. Və bu vakansiyaları tutan da ən yüksək bal yığan namizədlər olur. Nisbətən aşağı bal yığan namizədlərin də yalnız bir hissəsi rayon məktəblərini seçirlər. Onların da bir çoxunun məqsədi əslində bir neçə ildən sonra yenidən imtahan verib şəhər məktəblərinə yerləşməkdir. Yəni istənilən halda pedaqoji təhsilli kadrların bölgələrdə işləməyə marağı yox dərəcəsindədir. Hesab edirəm bunun səbəbləri hamıya məlumdur".

 

 Ekspert sözlərində qeyd edib ki, vəziyyəti dəyişmək üçün ciddi radikal addımlar atılmalıdır:

 

"İlk növbədə bölgədə işləyən müəllimlərin əmək haqları əhəmiyyətli dərəcədə artırılmalı və onlara əlavə guzəştlər verilməlidir.

İkincisi, imtahandan uğur qazanan müəllimlərə 3 və ya 5 il ərzində yalnız öz yaşadığı bölgədə müəllim vakansiyası seçmək hüququ verilməlidir.

Üçüncü təklif, kişi müəllimlərin hərbi xidmətdən azad edilmək şərti ilə 5-10 il ərzində müqavilə yolu ilə ehtiyacı olan kənd məktəblərinə təyinantının verilməsidir. Qeyd edim ki, sovet dövründə bu təcrübə tətbiq edilib.

Digər bir təcrübə isə məcburi təyinatdır. Ali məktəbi bitirən gənc müəllimlərə 3 il ərzində məcburi şəkildə hansısa bölgədə mövcud olan vakansiya üzrə təyinat verilməlidir".

 

Nigar Həsənzadə