"Keçmiş təcrübələr emosional vəziyyətə ciddi təsir edir"
Bölmə: Sosial › ,Tarix: 17:52 15.01.2025
Keçmişdə yaşanan təcrübələr, uğursuzluqlar və unudulması çətin hadisələr insanın emosional vəziyyətinə birbaşa təsir edir.
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova "informator.az" saytına açıqlamasında bildirib ki, bu, bəzən insanı uzunmüddətli stressdə saxlayır və ya özünə qapanmağa səbəb olur:
" Təcrübəsizlikdən baş verən bir hadisəni "səhv" kimi dəyərləndirmək insanın özünü aldatmasıdır. Həqiqi səhv baş verdikdə isə bunu "bilgi və təcrübəm yox idi" deyərək üzərindən atmaq doğru deyil. Bir işdə nöqsan və ya qüsur yaranırsa, bu, yalnız təcrübəsizliklə əlaqələndirilə bilməz. Çünki hər hansı bir işdə əvvəlcə nəzəri bilik öyrənilir, daha sonra təcrübə qazanılır. Beş il eyni işdə işlədikdən sonra hələ də uğursuzluq yaşanırsa, səbəb insanın öz davranış və qərarlarını dəyərləndirməməsidir.
Bu nöqtədə "ayna terapiyası" adlanan yanaşma faydalı ola bilər. İnsan əvvəlcə öz səhvlərini dərk etməli, onlardan dərs çıxarmalıdır. Bu yanaşma, gələcəkdə psixoloji sarsıntıları azaldaraq ruh yüksəkliyi qazandırır. Məsuliyyət hissi ilə hərəkət edən insan artıq eyni səhvi təkrarlamamağa çalışar. Təcrübəsizliklə səhvi qarışdırmaq isə insanı bir ömür boyu yerində saymağa vadar edir. Belə yanaşma insanın rahatlıq zonasından çıxmaqdan çəkinməsinə, məsuliyyətdən yayınmasına səbəb olur".
Psixoloqun sözlərinə görə, bəzi insanlar özlərini obyektiv şəkildə qiymətləndirməkdə çətinlik çəkir:
" Belə hallarda insan öz potensialını, temperamentini və psixoloji xüsusiyyətlərini tanımağa çalışmalıdır. Bu, özünə kömək etməyin ilkin yoludur. Əgər bunu bacarmırsa, bir mütəxəssisə müraciət etməkdən çəkinməməlidir.
İnsan başqalarının səhvlərini axtarmaq əvəzinə, öz məsuliyyətini dərk etməli və hər bir vəziyyəti öyrənmə fürsəti kimi qiymətləndirməlidir. Belə yanaşma həyatdakı çətinlikləri daha uğurla dəf etməyə kömək edər".
Çinarə Tarverdiyeva