"Əmlakın dəyəri onun yerləşdiyi ərazidən asılıdır"

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:04 15.01.2025

“ Daşınmaz əmlakların satış qiymətləri onların yerləşdiyi əraziyə, proyektinə və kapitallaşmasına görə dəyişir. Məsələn, eyni proyektli bina, paytaxt Bakının mərkəzi ərazisində və eyni layihə Xırdalan yaxud Sumqayıt şəhərindədir. Biz onların qiymətinə nəzər salsaq, qiymətlərində 2-3 dəfəyə qədər fərq olur. Əmlakın dəyəri minməsi, onun yerləşdiyi ərazidən daha çox asılıdır".

 

Bu sözləri əmlak eksperti Elnur Fərzəliyev “İnformator.az”a açıqlamasında bildirib.

 

O qeyd edib ki, əmlak qiymətləndirərkən həmin ərazinin infrastrukturu, yaxınlıqdakı metrostansiya, avtobus xətləri, avtomobil yoluna yaxın olması, orta məktəb və digər amillər var ki, bu, əmlakın satış qiymətlərinin yüksək olmasına və bundan əlavə həmin əmlaklara tələbatın artmasına səbəb olur:

 

“ Başqa bir tərəfdən, köhnə və yeni tikililərə nəzər salsaq, dünya təcrübəsinə əsasən istismar müddətini bitirmiş köhnə, çoxmənzilli yaşayış binalarının satış qiymətləri onların normal bazar dəyərindən 50% -ə qədər daha aşağı qiymətə təklif olunmalıdır. Artıq 2016-cı ildən başlayaraq paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı olan binaların yerində, yeni tipli binalar tikirlər. Bu zaman vətəndaşın evinin yerləşdiyi ərazidə tikiləcək binadan vətəndaşa tam təmirli, daha böyüdülmüş sahəli mənzil verilir ki, həmin tikinti şirkətinin verdiyi mənzilin bazar dəyəri vətəndaşın köhnə mənzilindən demək olar ki, 2 dəfəyə qədər daha baha qiymətə bazar qiyməti ilə dəyərləndirilir. O baxımdan, bir çox insanlar yatırım olaraq artıq pullarını banka deyil, sökülmə ehtimalı olan çox mənzilli yaşayış binalarına yatırım edirlər. Bu da tələbatın artması səbəbindən həmin əmlakların satış qiymətlərində süni artımlara gətirib çıxarır".

 

Ekspertin sözlərinə görə, daşınmaz əmlakların qiymətləndirilməsi onların kapitallaşmasından da asılır, əgər hər hansısa binadakı mənzil ipoteka predmetinə çevrilə bilmirsə, demək ki, o bina öz kapitallaşmasını itirib:

 

“ Paytaxt Bakı şəhərində köhnə tikili binalar böyük əksəriyyəti artıq, ipoteka predmetinə çevrilə bilmir, yalnız 9 mərtəbəli və yeni tikili binalardakı çıxarışlı mənzillər ipoteka predmetinə çevrilə bilir. O baxımdan, həmin köhnə binalar kapitallaşmasını itirməsinə baxmayaraq, onların satış qiymətləri onların sökülmə ehtimalı olduğuna görə daima artır. Əmlakların qiymətləndirilməsi həmçinin onların kirayə qiyməti ilə ölçülür ki, hər hansısa bir əmlakın bazar dəyəri, onun kirayə qiymətinin 0,5% nisbətilə ölçülür. Yəni, əmlakın aylıq icarə qiyməti 500 manatdırsa, onun satış qiyməti ortalama 100 min manat civarındadır. Bu həm mənzillərdə, həm də qeyri-yaşayış obyektlərində bu ölçü ilə götürülür. Kirayə mənzillərə tələbatın artması və aylıq kirayə qiymətinin artması, onların satış qiymətlərinin artmasına gətirib çıxarır".

 

Nərmin Həşimova