Z nəslinin dəyərləri: Keçmiş nəsillərdən nə ilə fərqlənirlər?
Bölmə: Sosial › ,Tarix: 20:11 17.01.2025
Z nəsli — rəqəmsal dünyada doğulub böyüyən bir nəsildir. Onların dəyərləri, dünyaya baxışı və prioritetləri əvvəlki nəsillərdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərqliliklər cəmiyyətə, iş dünyasına və sosial münasibətlərə təsir edir.
Bu barədə sosioloq Üzeyir Şəfiyev "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, bu yeni nəsil internet və yeni texnologiya reallığını özündə ehtiva edən bir nəsildir:
"Bu məsələ xüsusilə son vaxtlar rəqəmsal cəmiyyətdə, internet və sosial şəbəkə reallığında çox diqqət çəkməyə başlayıb. Əslində, bu yeni hadisə deyil. Millennial məsələlər bir neçə onillikləri əhatə edir. Ancaq söhbət Z nəslindən gedirsə, əlbəttə ki, bu, 90-cı illərin ortalarından 2010-cu ilə qədər olan zaman kəsimini əhatə edir.
Bu nəsil üçün xarakterik xüsusiyyətlər ondan ibarətdir ki, onlar daha çox internetə əlçatanlığı olan, sosial şəbəkə reallığında böyüyən, inkişaf edən və bu reallığı özündə ehtiva edən bir nəsildir. Onlar üçün çeviklik, mobillik, robot texnologiyalara maraq, sürətlilik və s. xüsusiyyətlər xarakterikdir. Bu nəsil real addımlar atmağı xoşlayır və mənfəət, gəlir onlar üçün maraqlıdır. Yeni texnologiyalar Z nəslinin həyatının ayrılmaz bir hissəsinə çevrilib. Buna görə də, onların bacarıq və vərdişləri yeni çağırışlar fonunda əvvəlki nəsilləri üstələyir".
Sosioloq Z nəslinə bütün sahələrdə olan maraqdan və onların keçmiş nəsillərin baxışları ilə yaranan ziddiyətindən danışıb:
"Həm əmək bazarında, həm də cəmiyyət və dövlət həyatında bu nəslə xüsusi maraq var. Onların bacarıq və üstünlüklərindən müəssisələr, iş adamları istifadə etməyə çalışır. Lakin bu nəsil asan ələ gələn nəsil deyil. Onların da öz şərtləri var və bu şərtləri diktə etməyi xoşlayırlar. Konkret praqmatik hədəfləri var. Bu baxımdan onlarla işləmək həm çətin, həm də asandır. Çünki onlar öz bacarıqlarını, üstünlüklərini və əvvəlki nəsillərdən fərqlərini başa düşürlər. Öz funksionallıqlarını dərk edərək qarşı tərəfə diktə etməyi, şərt dilində danışmağı sevən bir nəsildir.
Bu nəslin cəmiyyətə hər hansı bir fəsadını, mənfi təsirini düşünmək yersizdir. Cəmiyyətdə bu cür nəsil dəyişiklikləri tez-tez baş verir. Hər nəslin öz özəllikləri var və zamanla yaranan yeni nəsillər özlərini bu xüsusiyyətlərdə ehtiva edir. Buna görə də, Z nəsli cəmiyyətə töhfə verən bir nəsildir.
Bu nəslə xas xüsusiyyətlər arasında köhnə ilə barışmamaq, keçmiş nəsillərlə razılaşmamaq xüsusi yer tutur. Bu baxımdan nəsillərarası baxış bucağında ziddiyyətlər yarana bilir. Ancaq Z nəslinin məşğulluğu və fəaliyyət sahəsi o qədər diqqət çəkəndir ki, əvvəlki nəsillər də bu nəsillə ayaqlaşmağa maraqlıdır".
Nuray Qurbanlı