" Əxlaq deyilən anlamın qırmızı xətti harada bitir?"
Bölmə: Sosial › ,Tarix: 21:13 17.01.2025
“Mətbuatda gedən bəzi xəbərlərin etik normalardan uzaq olması, əxlaq problemlərinin ortaya çıxmasına şərait yaratması barədə sosial şəbəkələrdə hər gün onlarla paylaşımla rastlaşırıq. Yararsız, sarı xəbərlərdən, təhqirdən cana yığılan insanlar elə hey gileylənirlər”.
Bu sözləri Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu “İnformator.az”a açıqlamasında deyib.
O qeyd etdi ki, bir tərəfdən əxlaqdan danışılır, digər tərəfdən isə elə bu tip xəbərlər səhifədən səhifəyə tirajlanır:
“Bir məsələdən nə qədər çox danışırıqsa, bir o qədər də həmin mövzunu reklam edirik. Medianın əsas prioritetlərindən biri də böyük auditoriyaya çıxış qazanmaq, reklam əldə etməkdir. Hər hansı bir sensasiya, qalmaqal bu yöndə istənilən saytın reytinqini birə on artırır. Media bazarı elə də böyük olmadığına görə gündəmdə qalmağa çalışan mətbuat qurumları istənilən yolla auditoriyanı əldə saxlamağa çalışırlar. “Nə ediriksə edək, təki oxucu sayını itirməyək” prinsipi aktuallığını saxlayır. Əxlaq anlayışı da öz mahiyyətini dəyişir. 30-40 il öncə insanlar şəxsi zonanı daha ciddi qoruyurdularsa, bu gün telefonda bir- iki əməliyyat etməklə istənilən şəxsin harada olduğu, nə etdiyi, nəyə sahib olduğu barədə asanlıqla məlumat əldə edə bilərik. Gənclər çəkinmədən şəxsi həyat barədə hər cür informasiyanı bölüşürlər. Belə mühitdə mediadan hansısa etik norma tələb etmək bir qədər gülməli görünür. Əxlaq deyilən anlamın qırmızı xətti harada bitir? Bu sualı cavablandırmaq elə də asan deyil. Bəzən mətbuatı şiddəti, zorakılığı təbliğ etməkdə ittiham edirlər. Əslində jurnalist özündən xəbər uydurmur, nəyisə yalandan işıqlandırmır, olan hadisələrdən material hazırlayır. Burada mətbuatı günahlandırmaq olmaz. Biz bir növ cəmiyyətin güzgüsüyük.
Jurnalistlərin bilinən etik qaydaları var. Media bu qaydaları bacardığı qədər gözləməyə çalışır. Ola bilər, hər orqan tam ciddiliyə almasa da, ümumilikdə jurnalistika kodeksi gözlənilir”.
Ekspertin sözlərinə görə, etik qaydaları tam pozanlar daha çox mətbuatdan kənarda olan bir çox bloqçular, tiktokerlər, yutuçulardır:
“Bu müstəvidə onların rəqibi elə özləridir. Hər cür neqativ və təhqiredici xəbər yaymağa hazırdırlar. Onların auditoriyası medianın əhatə dairəsini dəfələrlə qabaqlayır. Burada nəsə demək də çətindir. Etik normanı gözləmək bəzən medianı geridə qoyur, bu səbəbdən də bəzi redaksiyalar asan xəbər dalınca qaçmaqla reytinq toplamağa üz tuturlar.
Belə vəziyyətdə əhalinin ümumi media savadlılığının artmasına ehtiyac duyulur. Orta məktəbdən başlayaraq bütün təhsil sistemində bu istiqamətdə iş aparılmasa, elə eyni vəziyyətlə üz-üzə qalmağa məhkum olacağıq”.
Nərmin Həşimova