Suriyada Rusiya bazaları: Yeni hökumət və regional gərginliklər

Bölmə: Siyasət › ,
Tarix: 17:11 23.01.2025

Suriyanın yeni hakimiyyəti Rusiya şirkəti ilə Aralıq dənizində yerləşən “Tərtus” limanının idarə olunmasına dair investisiya müqaviləsini ləğv edib.

 

Bu barədə “Tərtus” gömrük idarəsinin direktoru Cüdi məlumat verib.

 

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, analitik Əli Zülfüqaroğlu "informator.az"a açıqlamasında bildirib ki, Əsədin devrilmə ərəfəsində baş verən proseslər ABŞ, Türkiyə, Rusiya və digər aktorlar arasında müəyyən razılaşmaların olduğunu göstərir:

 

“Burada Rusiya da daxil olmaqla bir çox ölkələrin maraqları təmin edildi, lakin İranın maraqları gözardı edildi. Rusiya hərbi bazalarının Suriyada qalmasını istəyir. Suriyanın istər yeni hökuməti, istərsə də Türkiyə bu məsələdə Rusiyaya təzyiq göstərməyib. Rusiya üçün əsas məsələ hərbi bazalarının Suriyada qalmağa davam etməsidir. Suriyanın yeni hökuməti Rusiyanın hərbi bazalarının qısa müddətdə ölkədən çıxarılmasına çalışmayacaq. Bu, Suriyanın yeni hökumətinin maraqlarına da uyğun deyil.

 

Əgər gələcəkdə ABŞ-nin təzyiqi ilə Suriyanın yeni hökuməti Rusiya bazalarının ölkədən çıxarılmasına çalışarsa, bu, Suriya-Rusiya münasibətlərində müəyyən problemlərə səbəb ola bilər. Türkiyə isə Suriyada hakim mövqedə olan aktor kimi bu prosesi tənzimləməyə çalışacaq. Buna baxmayaraq, Suriya-Rusiya münasibətlərində ciddi gərginliklərin baş verməsi ehtimalı azdır”.

 

Kəmalə Vəliyeva