"Buraxılış imtahanlarının başlamasına çox az bir müddət qalıb"-YENİLİKLƏR
Bölmə: Sosial › ,Tarix: 22:03 23.01.2025
"Artıq buraxılış imtahanlarının başlamasına çox az müddət qalıb. Bu il yenilik 9 illikdən buraxılış imtahanlarında nəzərdə tutulub".
Bu sözləri "İnformator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, bu il keçirilməsi nəzərdə tutulan 11 illikdən buraxılış imtahanlarında keçən ilə nisbətən sualların tərtibi baxımdan ciddi dəyişikliklər gözlənilməyə bilər:
"Düşünmürəm ki, 11 illik buraxılışdan sualların səviyyəsi keçən ilkindən asan olsun. Çətin olmasını da gözləmirəm. Eyni zamanda, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyənlərə yenidən buraxılış imtahanında iştirak etmək imkanı tanınacaq. Bu addım şəffaflığı artırmaq və abituriyentlərə əlavə şans yaratmaq baxımından müsbət bir yanaşmadır."
Ekspert qeyd edib ki, 9-cu sinif buraxılış imtahanlarında yenilik olacaq:
"Doqquz illik buraxılış imtahanlarında isə abituriyentlər yeni sual modelləri ilə qarşılaşacaqlar. Xarici dil fənnindən şagirdlərə üç şəkil təqdim ediləcək və həmin şəkillər arasında əlaqəni müəyyən edərək hekayə qurmalı olacaqlar. Bu tapşırıq modeli şagirdlərin analitik düşüncə və yaradıcı bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bu, eyni zamanda, təhsildə tətbiq olunan innovativ yanaşmaların bir hissəsidir".
Keçid ballarına gəldikdə, Rizvan Fikrətoğlu bildirib ki, bu il ümumi keçid ballarında ciddi dəyişiklik gözlənilməyə bilər:
"Plan yerlərinin artırılması və yeni ixtisasların yaradılması abituriyentlər üçün yeni imkanlar açır. Bu il universitetlərdə 7 yeni ixtisas yaradılıb və bunlar müasir dövrün tələblərinə uyğun sahələri əhatə edir. Əlavə olaraq, builki qəbul imtahanlarının modeli də ötən ilki ilə oxşar ola bilər. Lakin bəzi ixtisaslarda keçid ballarında müəyyən qədər artma ehtimalı müşahidə edilə bilər. Hazırda heç bir imtahan keçirilmədiyindən konkret proqnozlar vermək çətindir, lakin təcrübəyə əsasən müəyyən fikirlər səsləndirmək mümkündür. Buraxılış imtahanları daha çox şagirdlərin attestata qiymət yazılması və kolleclərə qəbul üçün nəzərdə tutulduğu üçün suallar nisbətən asan olur. Blok imtahanları isə ali məktəblərə qəbul üçün təşkil edildiyindən daha ciddi və çətin keçirilməlməsi anlayışla qarşılanmalıdır. Bu imtahanlarda səhv cavabların düzgün cavablara təsir etməsi abituriyentlərin daha məsuliyyətli yanaşmasını təmin edir".
Ekspert buraxılış və qəbul imtahanlarının nəticələrinin obyektiv və ədalətli qiymətləndirilməsinin təhsil sistemində ən vacib məsələlərdən biri olduğunu vurğulayıb.
Mayıl Soltanov