“ABŞ-Çin iqtisadi müharibəsinin Azərbaycana hələki təsiri olmayacaq”
Bölmə: İqtisadiyyat › ,Tarix: 18:15 30.01.2025
ABŞ-Çin ticarət müharibəsi, 2018-ci ildən etibarən başlayıb və iqtisadi gərginliyə səbəb olan bir sıra ticarət tədbirlərini əhatə edən münaqişədir. Azərbaycanın ixracatı əsasən enerji ixracatı üzərində qurulub və bu səbəbdən də ABŞ-Çin ticarət müharibəsinin Azərbaycana təsiri bir neçə sahədə müşahidə olunur.
Bu məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-Çin münaqişəsinin Azərbaycanın ixracına ciddi təsirləri gözlənilmir:
“Çünki Azəbaycan Respublikasının ixracının 90-92%-i neft-qaz resurslarıdır, onun isə hazır bazarları var, əmtəələrdir. Qeyri-neft sektorunun ixracı isə, əsas etibarilə kənd təsərrüfatı məhsullarıdır, yenə də xammal neft-kimya məhsulları, elektrik enerjisi, xam qızıl və pambıqdır. Və o bazarlar da bəllidir. Yəni, Azərbaycana təsiri gözlənilmir”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanın xarici ticarəti böyük həcmli deyil, əsas neft-qaz ticarətindən ibarətdir:
“İdxal bazarları da, MDB məkanıdır, əsas qonşu ölkələrdir. ABŞ Çini zəiflədə biləcəksə, Çinin ixracında problemlər yarada biləcəksə, hətta Azərbaycan buradan qazanclı çıxa bilər. Çindən daha ucuz mallar ala bilər. Azərbaycan əsas neft-qaz ticarəti ilə məşğul olan ölkədir və ABŞ-Çin münaqişəsinin Azərbaycana hələlik bir təsiri olmayacaq”.
Nərmin Həşimova