Gənc Sahibkarlıq-Yeniliklər və Çətinliklər

Tarix: 21:50 30.01.2025
Azərbaycanda gənc sahibkarların növbəti forumu keçiriləcək. Mövzu ilə bağlı iqtisadçı Emin bəy “informator.az”a açıqlamasında bildirib ki, hansı cəmiyyətdə sahibkarların sayı çoxdursa, həmin cəmiyyət bir o qədər zəngindir:
“Gənc alimlər, gənc müəllimlər və digər peşə sahibləri üçün müxtəlif tədbirlər keçirilir və bu kimi birliklər yaradılır. Əslində, ölkəmiz gənc bir ölkədir. Sahibkarlıq sinfi bizim üçün yenidir və açıq etiraf etməliyik ki, cəmiyyətdə bu sahəyə dair təfəkkür hələ tam formalaşmayıb. Sahibkarlara diqqət yetirilməlidir. Dövlət bu sahəyə önəm versə də, təsərrüfatın elə yeni sahələri var ki, onları daha çox gənclər mənimsəyir. Məsələn, bu gün rəqəmsallaşma sahəsi aktuallaşır.
Bizim üçün ikiqat çətinlik mövcuddur: həm gənc ölkəyik, həm də keçmiş sosialist cəmiyyətinin təsiri altında formalaşmışıq. Cəmiyyətdə sahibkarlığa münasibət birmənalı deyil. Digər tərəfdən, rəqəmsallaşma müəyyən dəyişikliklər yaradır. Müasir dövrdə uğur qazanmaq üçün yeniliklərlə qarşılaşmalı olursan, lakin köhnə düşüncə tərzinə malik insanlar bu yenilikləri hər zaman müsbət qarşılamır.
Sahibkarlıqda əsas faktorlar mövcuddur. Hesab edirəm ki, istər kiçik, istər iri, istərsə də gənc sahibkarlara xüsusi diqqət ayrılmalıdır. Çünki hansı cəmiyyətdə sahibkarların sayı çoxdursa, həmin cəmiyyət bir o qədər zəngindir”.
Ləman Ağayeva