Daltonizm- əlamətləri və şəxslərin həyatına təsiri

Bölmə: Sosial › ,
Tarix: 22:07 04.02.2025

Daltonizm rəngli görmənin anadangəlmə pozuntusudur. Bu hal daha çox yaşıl və qırmızı rəngləri seçmə qabiliyyətinin itməsidir. Bu isə daha çox kişilərdə rast gəlinən bir haldır və bu xəstəlik genetik olaraq keçir".

 

Bu sözləri uşaq və yeniyetmə psixoloqu Fatimə Hacıyeva “İnformator.az”a açıqlamasında deyib.

 

O qeyd edib ki, daltonizmə çətin rəng korluğu da deyə bilərik, daha çox genlərlə keçən genetik xəstəlikdir və kişilərdə qadınlardan 20 qat daha çox aşkar olunur:

 

“Daltonizm sosial münasibətlərdə, iş həyatında müəyyən çətinliklər yarada bilir, bəzən gündəlik həyat fəaliyyətlərinə, ünsiyyətə təsir edə bilər. Bəzi sosial fəaliyyətlərdə məhdudiyyət ola bilir, rənglərə əsasən təşkil olunan oyunlarda çətinliklər yaşana bilər. Həmçinin digər estetik məsələlər də var ki, rəng seçimi tələb edən vəziyyətlərdə, məsələn, geyim seçərkən onun rənginə uyğunsuz rənglər də seçə bilirlər. Bu da sosial münasibətlərdə bir sıra çətinliklər yaradır. Rənglərlə işləyən sənətkarlar, kimya və xəritəşünaslıqla məşğul olan peşə sahiblərində daltonizm varsa, bu bir qədər çətinlik yarada bilər”.

 

Psixoloqun sözlərinə görə, alternativ yanaşmalar etmək və dəstəkləyici mühit yaratmaqla biz bu şəxslərə kömək edə və dəstək ola bilərik:

 

“Həmçinin burada texnologiyanın inkişafı vacibdir. Texnologiyanın inkişafı dedikdə, rəngləri daha yaxşı ayırd etməyə kömək edən proqramlar və eynəklər istifadə edilə bilər. Alternativ yanaşmalar dedikdə isə, tədrisdə rənglərdən daha az istifadə edən metodlar- rəqəmlər, yazılar, formalarla öyrətmək metodikası olsa, daha yaxşı olar. Uşaqlıq dövründə daltonizmin aşkar olunması valideynlər və müəllimlər üçün çox çətindir. Uşaqlar ilkin yaşlarda rəngləri tam ayırd edə bilmədiklərinə görə, daltonizm bir qədər gec müəyyən edilə bilir. Bir uşaq qırmızı ilə yaşıl, mavi ilə bənövşəyi rəngləri bilmədikdə, qarışdırdıqda bu daltonizmin bir işarəsidir, artıq burada təhlükə zəngləri çalınmalıdır”.

 

Müsahibimizin sözlərində bildirib ki, daltonizm irsi bir vəziyyət olduğu üçün ailədə rəng koru olan şəxslər varsa, bilməlidirlər ki, onların oğul uşaqlarında da bu problem yaşana bilər:

 

“Biz burada pozitiv adaptasiyaya, emosional dəstək yollarına əl atmalıyıq. Həmin fərdlərə daltonizmlə bağlı məlumatlandırma olmalıdır və bu digər təndiqlərin qarşısını alır. Ailə, dost və iş yoldaşları belə şəxslərə anlayışlı yanaşmalı, dəstək olmalıdırlar ki, həmin şəxs özünü güvənli hiss etsin. Həmçinin daltonizmi olan şəxslərdə onların vəziyyətinin nadir və maraqlı bir xüsusiyyət olduğunu izah etsək, bu onlarda mənfi duyğuları azaldacaq və əksinə müsbət duyğuları onlara aşılaya bilərik. Daltonizmə düzgün yanaşma və ətrafdakıların dəstəyi həqiqətən də şəxsin emosional vəziyyətini, özgüvənini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Ümumiyyətlə, bu vəziyyəti qəbul etdikdə, ona uyğunlaşdıqca mənfi xüsusiyyətlərin hamısı minimal səviyyəyə düşür. Daltonizmin özgüvənə də təsiri var, çətinliklərin yanlış anlaşılması onlarda tənqid olma qorxusuna gətirib çıxarır və yaxud diqqətsiz kimi dəyərləndirilir”.

 

Nərmin Həşimova