Azərbaycan iqtisadiyyatında prioritet sahələr-İqtisadçı AÇIQLAYIR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:04 27.02.2025

"Azərbaycan iqtisadiyyatı geniş spektrli sahələri əhatə etsə də, hazırkı müşahidələr göstərir ki, nəqliyyat və logistika sektoru dinamik inkişaf etməkdədir. Bu sahədə həyata keçirilən infrastruktur layihələri və artan ticarət dövriyyəsi onun əhəmiyyətini daha da artırır".

 

Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli söyləyib. Ekspert Azərbaycan iqtisadiyyatında xarici investorlar üçün daha cəlbedici olan sahələrdən də bəhs edib:

 

"Daşınmaz əmlak sektorunda qiymətlərin yüksək templə artması müşahidə olunur ki, bu da iqtisadiyyatın strukturunda mühüm dəyişikliklərə səbəb olur. Digər tərəfdən, kənd təsərrüfatı sahəsi dövlətin prioritet istiqamətlərindən biri kimi qalmaqdadır. Bu sektorda həyata keçirilən dövlət proqramları və subsidiyalar onun inkişafına təkan verir. Xüsusilə, aqrar sahədə ixtisaslaşmanın artırılması məhsuldarlığın yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına töhfə verə bilər. Bundan əlavə, yaşıl enerji sektoru perspektivli inkişaf istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlətin bu sahəyə verdiyi dəstək və qəbul edilmiş proqramlar alternativ enerji mənbələrinin genişləndirilməsini təşviq edir. Xüsusilə, bərpa olunan enerji mənbələrinin inkişafı və bu sahəyə xarici investisiyaların cəlb olunması, Azərbaycanın enerji bazarında daha rəqabətli mövqe tutmasına imkan yaradır. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində dövlət dəstəyi və inkişaf strategiyaları müşahidə olunur. Xüsusilə, Avropa bazarına inteqrasiyanı gücləndirmək məqsədilə nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi iqtisadi artımın əsas faktorlarından biri kimi qiymətləndirilə bilər".

 

Fatimə Abdulrəhimli