Genetik dəyişikliklər: İnnovasiya, yoxsa təhlükə?

Bölmə: Sosial › ,
Tarix: 22:31 11.03.2025

Genetik mühəndislik orqanizmlərin DNT-sini dəyişdirməyə imkan verən elm sahəsidir. Bu texnologiya tibbdən kənd təsərrüfatına qədər geniş istifadə olunur. Lakin genetik dəyişikliklərin insan sağlamlığına təsiri və GMO qidaların təhlükəsizliyi cəmiyyətdə mübahisələrə səbəb olur.

 

 

Səhiyyə eksperti Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, Gen mühəndisliyi dedikdə, genlərin strukturlarında dəyişiklik edilməsi və bunun nəticəsində orqanizmlərin xüsusiyyətlərinin dəyişdirilməsi nəzərdə tutulur:

 

"Eyni zamanda, DNT zəncirində müəyyən genlərin əvəz olunması da gen mühəndisliyinə aiddir.

Genetik modifikasiya olunan ərzaqlar dedikdə, genetikasına müdaxilə edilərək xüsusiyyətləri dəyişdirilmiş qida məhsulları başa düşülür. Bu ərzaqlar insan orqanizmi üçün xüsusi bir təhlükə yaratmır. Əksinə, onların saxlanma müddətinin uzadılması, məhsuldarlığın artırılması və iqlimə daha davamlı hala gətirilməsi kimi üstünlükləri var. Genetik modifikasiya məqsədyönlü şəkildə və idarə olunan proseslər vasitəsilə həyata keçirilir. Məsələn, bir pomidorun müəyyən genini dəyişdirərək onu daha uzun müddət təzə saxlamaq mümkündür. Bu, ərzaq təhlükəsizliyini təmin etmək və qida resurslarını artırmaq məqsədi daşıyır”.

 

Ekspert gen mühəndisliyinin orqan transplantasiyası və genetik xəstəliklərin müalicəsində mühüm rol oynadığını vurğulayıb:

 

“Gen mühəndisliyi orqan transplantasiyası sahəsində də mühüm rol oynayır. Fərqli orqan və toxumaların laborator şəraitində yaradılması və insanların orqan köçürülməsinə olan ehtiyacının qarşılanması istiqamətində ciddi elmi tədqiqatlar aparılır. Gen mühəndisliyi vasitəsilə uyğunlaşdırılmış orqanların insan bədəninə köçürülməsi bu sahədə inqilabi bir inkişaf hesab olunur. Hazırda dünyada bu istiqamətdə böyük irəliləyişlər əldə edilir.

Genetik dəyişikliklər sayəsində bəzi irsi və genetik xəstəliklərin qarşısını almaq mümkündür. Müəyyən genetik xəstəliklər erkən mərhələdə aşkar edilə və bu problemlərin qarşısı alına bilər. Xüsusilə, xərçəng və digər genetik mənşəli xəstəliklərin inkişafını dayandırmaq üçün gen mühəndisliyi perspektivli bir sahədir. Gen xəritələrinin dəqiqləşdirilməsi və genetik diaqnostikanın inkişafı bu prosesləri daha da asanlaşdırır və gələcəkdə insan sağlamlığının qorunmasına böyük töhfə verə bilər”.

 

Xanım Ağamalıyeva