Azərbaycan, Rusiya, Tacikistan və Belarus Liderlərinin Görüşü: Gərginliyin Yumşalması Perspektivləri

Tarix: 18:29 17.03.2025
Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.
Mövzu ilə bağlı politoloq Turab Rzayev "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycan ilə Rusiya arasında son zamanlar yaşanan gərginliklərin aradan qaldırılması istiqamətində müxtəlif ölkələr səy göstərirlər:
"Rusiya, Belarus, Azərbaycan və Tacikistan arasında münasibətlərdə son dövrlərdə bir sıra önəmli inkişaflar baş verib. Xüsusilə, Azərbaycan ilə Rusiya arasında son zamanlar yaşanan gərginliklərin aradan qaldırılması istiqamətində müxtəlif ölkələr tərəfindən vasitəçilik səyləri görülür. Bu prosesdə yalnız Rusiya deyil, eyni zamanda Azərbaycan ilə münasibətləri yaxşı olan digər ölkələrin rəhbərləri də iştirak edirlər".
Politoloqun sözlərinə görə, məsələnin mərkəzində 9 may paradı ilə bağlı olan dəvət mövzusu durur.
O həmçinin bildirib ki,Rusiyanın ürz istəməməsi,kompensasiyanın ödənməməsi Azərbaycan və Rusiya arasındaki münasibətləri gərginləşdirib. Belarus və Tacikistan prezidentləri isə mühiti yumşaltmaq və Azərbaycanın razılığını almaq məqsədilə bu prosesə daxil olublar:
"Azərbaycan-Belarus münasibətləri hər zaman inkişaf istiqamətində olub. Eyni zamanda, Azərbaycan ilə Tacikistan arasındakı əlaqələr də yüksək səviyyədə qalır. Hətta, Rusiya ilə Azərbaycan və Tacikistan arasında gərginlik yaşandığı təqdirdə, Azərbaycan vasitəçi rolunu öz üzərinə götürə bilər. Rusiya ilə Azərbaycan arasında münasibətlər tarixən yaxşı olsa da, son dövrlərdə təyyarə qəzası ilə əlaqədar bəzi gərginliklər gündəmə gəlib. Bu prosesin nə qədər davam edəcəyi ilə bağlı dəqiq bir fikir yoxdur, amma artıq görünür ki, müəyyən yumşalmalar baş verir. Əgər 9 may paradı baş tutarsa, bu, aradakı gərginliyin aradan qalxdığını və diplomatik münasibətlərin bərpa olunduğunu göstərəcək".
Bundan əlavə, regional və beynəlxalq səviyyədə bir sıra münaqişələr, o cümlədən Ukrayna, Suriya və Qəzza məsələləri də müzakirə olunub.
Güllər Gülhüseynova