Yeni Reallıq-Cənubi Qafqazda Sülh və Gərginliklər Düyünü
Bölmə: Siyasət › ,Tarix: 18:57 13.01.2025
Hazırda Ermənistan və Azərbaycan arasında vəziyyət gərgin qalır. Son zamanlar atəşkəsin pozulması və sərhəddə baş verən toqquşmalar bu gərginliyi daha da artırıb. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Ermənistanın sülh prosesinə tam uyğunlaşmadığı görünür.
Mövzu ilə bağlı “informator.az”a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirlərindən sonra regionda yeni reallıq formalaşıb:
“Bu reallıq Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına, o cümlədən Azərbaycan və Ermənistan arasında yekun sazişin imzalanmasına səbəb olub və sülh gündəliyi yaradıb. Ancaq Ermənistan hələ də bu sülh gündəliyinə uyğunlaşmır. Son günlər atəşkəsin, aylar sonra, yenidən pozulması da bu məsələni sübut edir. Ermənistan rəhbərliyi bir tərəfdən sülhə maraqlı olduğunu desə də, bunu əməldə təsdiqləmirlər. Ermənistanın bu gün silahlandırılması həm bu dövlətin, həm də onun arxasında duran havadarların, o cümlədən Fransanın destruktiv maraqlarından xəbər verir”.
Kənan Novruzov qeyd edib ki, əgər İrəvan sülhlə bağlı səmimi səylər göstərmirsə, deməli, müharibə və yeni toqquşma yolunu seçir:
“Əgər Ermənistan həqiqətən sülhə maraqlı olsaydı, çoxdan sülh sazişi imzalanmış olardı. Ermənistan Azərbaycanın tələblərinə uyğun olaraq Konstitusiyasını dəyişmiş və Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmış olsaydı, bu, aydın görünərdi. Deməli, Ermənistan o qədər də səmimi deyil. Ermənistan səmimi olsa belə, kənar təsirlərə görə öz taleyini müəyyənləşdirə bilmir.
Prezident İlham Əliyevin Ermənistanda faşist ideologiyasının hökm sürdüyünü vurğulaması təsadüfi deyil. Bu o deməkdir ki, Ermənistan rəhbərliyi gələcəkdə, ilk fürsətdə, Azərbaycana qarşı hansısa revanşist meyllərlə çıxış edə bilər və torpaqlarımızı yenidən işğal etməyə cəhd göstərə bilər. Biz bu təhlükənin qarşısını almalıyıq. Hazırda Azərbaycanın regional xarici siyasətinin əsas prioritetlərindən biri də budur.
Ermənistanda bu faşist ideologiyasına tamamilə son qoyulmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin fikirləri Ermənistan hakimiyyətinə ciddi mesajdır. Ermənistan bu mesajlardan dərs çıxarmalıdır. Əgər dərs çıxarmasa və təxribatlarını davam etdirsə, onda növbəti gərginliyin və hərbi toqquşmanın baş verməsi istisna deyil. Bu da Ermənistan üçün ciddi nəticələr vəd edir”.
Vüqar Alışov, Türkanə Meşədiyeva