İsrail Qəzzada hərbi əməliyyatları bərpa edib

Tarix: 22:47 18.03.2025
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin “HƏMAS” hərəkatına məxsus hədəflərə zərbələr endirib.
Baş nazir Benyamin Netanyahunun ofisinə istinadən İsrailin Qəzzada “HƏMAS”a qarşı hərbi əməliyyatları bərpa etdiyini bildirib.
Mövzuyla əlaqədar politoloq Elçin Xalidbəyli “informator.az”a açıqlamasında bildirib ki, İsrailin Həmasla toqquşmalarının bərpa olunması təbii ki, yaxın şərqdə münaqişənin yenidən alovlanma təhlükəsini yaradır:
"Bu hadisə yaxın şərqdə gərginlik səviyyəsinin ən yüksək həddə çatmasına səbəb olur. Yaxın şərqdə bir çox ölkələrin strateji maraqları mövcuddur. Bu sıraya ilk növbədə Türkiyə daxildir. Türkiyə İsrailin hərbi əməliyyatlarının əleyhinə mövqe tutur. İsrailin dərhal hərbi əməliyyatları dayandırmasını tələb edir. Rəsmi Ankara düşünür ki, İsrail və Fələstin arasındaki hərbi münaqişələrin nizamlanmasının yeganə çıxış yolu iki dövlət variantının reallaşdırılmasıdır.
Lakin İsrail hazırda ABŞ-dən rəsmi şəkildə dəstək almağı bacarıb. Tramp adminstrasiyası bütün addımları dəstəkləyir”.
Ekspertin sözlərinə görə, Türkiyədən başqa İsrailin hərbi əməliyyatlarına qarşı çıxan əsas beynəlxalq siyasi iradə mərkəzləri Avropa qitəsində yerləşir:
“Avropa birliyi və bu quruma daxil olan bəzi dövlətlər İsraili hərbi əməliyyatlara görə sərt şəkildə tənqid edirlər. Hazırda bu tənqidlərin nəticə verməsi müşahidə olunmur. Yaxın gələcəkdə də, Avropa ölkələrinin tənqidlərinin hansısa bir nəticəyə səbəb olacağı inandırıcı görünmür. ABŞ-nin timsalında İsrail dəstəklənir. Türkiyə ilə yanaşı bəzi Avropa dövlətləri yaxın şərqdə münaqişənin dayandırılmasının tərəfdarı kimi çıxış edirlər. Lakin belə anlaşılır ki, hazırda bütün beynəlxalq etirazlar yaxın şərqdə münaqişənin tamamilə dayandırılması üçün yetərli xarakter daşımır”.
Asiman Vəliyeva