İspaniya və Portuqaliyada elektrik kəsilməsi: İctimai nəqliyyat iflic olub, nəqliyyatın hərəkəti bağlanıb

Bölmə: Siyasət › ,
Tarix: 23:07 28.04.2025

Hər iki ölkənin böyük hissələrinə elektrik enerjisinin kəsilməsindən sonra İspaniya və Portuqaliyada xaos hökm sürür. Bəzi ərazilərdə ictimai nəqliyyat iflic olub, qatarlar boşaldılıb, işıqforlar işləməyib, mağazalar və restoranlar qaranlığa qərq olub. Problemin nədən yarandığı və kəsilmənin nə qədər davam edə biləcəyi hələ müəyyən edilməyib.


Bununla belə, Portuqaliyanın elektrik şəbəkəsini idarə edən REN şirkəti fasilənin İspaniyanın elektrik şəbəkəsindəki problemlə əlaqədar olduğunu iddia edib.Şirkət problemin "nadir atmosfer hadisəsi" ilə bağlı olduğunu bildirib.


Şirkət bildirib ki, İspaniyanın daxili hissəsində həddindən artıq temperatur dəyişikliyi səbəbindən çox yüksək gərginlikli xətlərdə (400 KV) anormal rəqslər baş verib. İspaniyanın Baş naziri Pedro Sançes kəsilmələrin dəqiq səbəbinin hələ də aydın olmadığını deyib və spekulyasiyalardan qaçınmağa çağırıb.
Portuqaliyanın baş naziri Luis Monteneqro da jurnalistlərə deyib ki, “kiber hücum əlaməti yoxdur”. İspaniyada internetlə yanaşı, GSM şəbəkələrində də fasilələr qeydə alınıb.
İspaniyanın GSM operatoru Red Electrica, kəsilmələri aradan qaldırmaq üçün regional elektrik şirkətləri ilə işlədiklərini açıqlayıb.


Şirkət bildirib ki, kəsilmə 10 saat davam edə bilər.
İspaniyada 46 hava limanını idarə edən AENA ölkə daxilində uçuşlarda gecikmələr olduğunu açıqlayıb.


İspaniyanın paytaxtı Madriddə meri Xose Luis Martinez-Almeyda sakinlərə olduqları yerdə qalmaları barədə xəbərdarlıq edib.
Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Madriddə yüzlərlə insan ofis binaları qarşısında küçələrdə olub və bəzi görkəmli binaların ətrafında polisin sıx iştirakı müşahidə olunub. Portuqaliyada TAP Air aviaşirkəti sərnişinlərə hava limanlarına getməmək barədə xəbərdarlıq edib.

 

Portuqaliyanın hava limanının operatoru ANA, Porto və Faro hava limanlarında vacib hava limanı əməliyyatlarının saxlanmasına imkan verən hava limanlarının qəza generatorlarını işə saldığını açıqlayıb.


Fransanın bəzi bölgələrində də qısamüddətli elektrik kəsilməsi yaşandı, lakin Fransız şəbəkə operatoru RTE vəziyyətin indi normala döndüyünü söyləyib.


BBC NEWS
Səmayə Səftərova