Ukrayna rəsmisi-Rusiya sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır

Bölmə: Siyasət › ,
Tarix: 14:48 29.04.2025

Ukrayna rəsmisi Andriy Sibiqa bildirib ki, əgər Rusiya həqiqətən sülh istəyirsə, dərhal atəşi dayandırmalıdır. O, Rusiyanın yalnız 8 mayadək elan etdiyi atəşkəsə şübhə ilə yanaşdığını və Ukraynanın 30 günlük tam atəşkəsi dəstəkləməyə hazır olduğunu vurğulayıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında qeyd edib ki, əgər Rusiya atəşkəsdə səmimidirsə, ilk növbədə ordusunu Ukrayna ərazilərindən çıxarmalıdır:

 

“Rusiyanın bu mərhələdə atəşkəslə maraqlanması, əsasən, döyüş bölgələrindəki üstünlüyü ilə əlaqəlidir. Yəni üstünlük sənin tərəfindədirsə və sən bu vəziyyətdə danışıqlara başlasan, təbii olaraq masa arxasında daha güclü tərəf kimi çıxış edirsən. Əvvəllər Rusiya yalnız Krımın öz ərazisi kimi tanınmasını tələb edirdisə, bu gün artıq dörd Şərqi Ukrayna vilayətinin də Rusiyaya birləşdirilməsini istəyir. Bu da Rusiyanın mövqelərinin dəyişdiyini və daha iddialı tələblərlə çıxış etdiyini göstərir.

 

Rusiya indi hesab edir ki, daha çox güc sərf etməyə və hərbi texnika itirməyə ehtiyac yoxdur. Əldə edilənlərlə kifayətlənib danışıqlara başlamaq, Moskvanın məqsədlərinin böyük hissəsinə çatması demək olacaq. Bundan əlavə, Rusiya Ukraynanın NATO-ya üzv olmamasını da əsas şərt kimi irəli sürür ki, bu da müharibənin başlanmasına səbəb kimi göstərilən əsas məsələdir.

 

Digər tərəfdən, Rusiya işğal etdiyi ərazilərdəki faydalı qazıntılar və mineral ehtiyatlar hesabına müharibə zamanı sərf etdiyi resursların iqtisadi baxımdan kompensasiya olunacağını düşünür. Eyni zamanda, artıq beynəlxalq siyasətdə daha fəal rol almaq niyyətindədir. Ukrayna müharibəsi davam etdiyi müddətcə, Rusiya digər bölgələrdə – Afrika, Yaxın Şərq və Sakit okean hövzəsində – təsir imkanlarını genişləndirməkdə çətinlik çəkirdi. İndi isə hesab edir ki, Ukraynadakı məqsədlərinə qismən çatmaqla müharibəyə son verə və diqqətini digər sahələrə yönəldə bilər”, – deyə Səhrablı bildirib.

 

Ukrayna tərəfi Rusiyanın atəşkəs təklifini niyə qeyri-səmimi hesab edir?

 

Siyasi şərhçiyə görə, Ukrayna tərəfi Rusiyanın atəşkəs təklifini qeyri-səmimi hesab edir:

 

"Çünki Ukraynanın şərtləri bəllidir: Krım da daxil olmaqla işğal olunmuş bütün ərazilərin geri qaytarılması və Rusiya ordusunun tam şəkildə Ukrayna ərazisindən çıxması. Bu, təkcə Ukraynanın deyil, həm də beynəlxalq hüququn tələbidir. Dövlətlərin ərazi bütövlüyü prinsipi pozulduğu üçün Ukrayna bu təklifi ciddiyə almır. Ukrayna hesab edir ki, əgər Rusiya doğrudan da atəşkəs istəyirsə, ilk növbədə beynəlxalq səviyyədə tanınan Ukrayna ərazilərindən ordusunu çıxarmalıdır. Ancaq bu baş vermədiyi üçün, nəinki sülh, hətta atəşkəslə bağlı danışıqlar üçün belə uyğun zəmin yoxdur. Danışıqlar hazırda tam dalana dirənib. Çünki Rusiya işğal etdiyi əraziləri artıq öz torpaqları kimi təqdim edir və dünyanın da bunu qəbul etməsini tələb edir. Ukrayna isə əksinə, bu ərazilərin azad edilməsini və Rusiyanın gələcəkdə yeni hücumlara yol verməməsi üçün hüquqi öhdəlik götürməsini istəyir.

 

Belə olan halda, ortada nə real danışıqlar, nə də hər iki tərəfi qane edən bir razılaşma var. Müharibə hər gün davam edir, minlərlə insan həyatını itirir, milyardlarla dollar xərclənir və bu da həm Rusiya, həm də Ukrayna üçün böyük yükə çevrilir”, – deyə Səhrablı vurğulayıb.

 

Səyyarə Mirzəyeva