“Əmək – sadəcə əllə yox, könüllə görüləndə qiymətlidir”-Açıqlama

Bölmə: Sosial › ,
Tarix: 21:51 01.05.2025

1 May – Beynəlxalq Əmək Günü bütün dünyada zəhmətkeş insanların şərəfinə qeyd olunan önəmli bir gündür. Bu tarix yalnız fiziki əmək sahiblərini deyil, həm də mənəvi və yaradıcı zəhməti ilə cəmiyyətin inkişafına töhfə verən hər kəsi əhatə edir. Əmək insanın özünü ifadə etdiyi, bacarıqlarını ortaya qoyduğu və cəmiyyətlə bağ qurduğu ən əsas dəyərdir. Əmək Günü bizə xatırladır ki, hər bir işin arxasında böyük zəhmət, səbr və fədakarlıq dayanır.

 


Bu barədə “informator.az”-a danışan Green Start Academy Psixologiya, Təlim və İnkişaf Mərkəzinin direktoru, pedaqoq Aysel Rəsulzadə deyir ki, insanın əli yorula bilər, amma könlü yorulmadıqca hər şeyə dəyər:


“Bu gün 1 may Beynəlxalq Əmək günüdür.
İllərlə çəkilən zəhmətin dadı uğurun özündən öncə gəlir. Hər səhəri o işi sevərək açırsansa, demək ki, zəhmət mənasız deyil və bir gün o sənə çevrilir.
İllər əvvəl bir arzu ilə başladım bu yola…addım-addım, düşünə-düşünə, yorula-yorula, amma heç vaxt ümidsizliyə düşmədən.Bu gün dönüb arxaya baxır və görürəm ki, hər çəkilən zəhmət, hər günün yorğunluğu, hər gecənin yuxusuzluğu necə də dəyərli imiş. Çünki bu yol yalnız mənim yolum deyil.Bu yol – birlik yoludur. Komanda ilə – valideynlə, müəllimlə, uşaqla - hər toxunduğumuz insanla birgə gedilən bir yoldur". 

 

Pedaqoqun sözlərinə görə, sevgi ilə görülən heç bir zəhmət boşa çıxmır:

 


“Əmək mənim üçün sadəcə bir iş görmək deyil, bir dəyər yaratmaqdır.
Əgər bir insanın həyatına toxuna bilmişəmsə, əgər bir uşaq güvən içində böyüyürsə, bir valideyn rahat nəfəs alırsa – deməli, o zəhmət bəhrəsini verir.
Bəli, mən bu yolu nəticəyə görə yox, yaşadığım hər anına görə sevdim. İllər sonra arxaya baxanda ‘yoruldum’ demədim, ‘yaşadım’ dedim.Əziz dostlar, sevdiyiniz işlə məşğul olun; bəzən o iş sizə ağır gələcək, yormağa, yıxmağa çalışacaq... Amma sonra siz o işin içində özünüzü tapacaqsınız.Zamanla o zəhmət işığa, gücə və ruhunuzu oxşayan zövqə çevrilir.
Əgər sevdiyiniz iş varsa, qorxmayın – zəhmət çətin görünə bilər, amma əmin olun ki, ruhunuza uyğun gəlirsə, o sizi yormaz, sadəcə yetişdirər. Əmək günümüz mübarək!”



Kamil İsgəndərli