Məcburi pozitivlik: həqiqi duyğuları gizlətməyin zərərləri

Bölmə: Sosial › ,
Tarix: 22:10 01.05.2025

Son illərdə pozitivlik anlayışı həyatın hər sahəsində təlqin olunur. “Hər şey yaxşı olacaq”, “Müsbət düşün” kimi ifadələr, xüsusilə sosial mediada normaya çevrilib. Amma psixoloqlar xəbərdarlıq edir ki, bu tip “məcburi pozitivlik” insanlar arasında duyğuların basdırılmasına və daxili psixoloji təzyiqlərin artmasına səbəb olur. Həqiqi hisslərini ifadə edə bilməyən insanlar zamanla depressiya və tükənmişlik sindromu ilə üz-üzə qala bilər.

 

Mövzu ilə əlaqədar psixoloq Nizami Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, duyğuları gizlətmək psixologiyaya zərər vurur:

 

“Məcburi pozitivlikdə insanların etmək istəmədikləri tətbiq formasını onlara tövsiyə edirlər. Beləcə şəxs realda olan hisslərini basdırır və yavaş-yavaş bu, bir müddət sonra “tıxanma”, “sıxılma” hallarına gətirib çıxarır. Nəticədə bir nöqtədə partlamaq qaçınılmaz olur. Bunun ziyanı isə başlanğıcdaki mövcud problemdən daha artığıdır. 

 

 

Həqiqi duyğuları gizlətmək insan psixikasında emosional yüklənmə, gərginlik, fiziki simptomlar(psixosomatik ağrılar), sosial əlaqələrin zədələnməsi, impulsiv davranışlar kimi fəsadlara yol aça bilər. Həqiqi duyğuları gizlətmək bir müdafiə mexanizmi kimi qısa müddət üçün faydalı ola bilər, amma uzun müddət davam etdikdə psixoloji sabitliyi pozur.

 

Cəmiyyətdə “həmişə xoşbəxt görün” təzyiqi mövcud sosial media həyatları, reklamlardaki şüuraltı bizlərə yeridilən kapitalist tərzi düşüncələr ( “pozitiv qal”, “neqativ olsan, uğursuz olarsan”), zəiflik qorxusu səbəblərindən qaynaqlanır. Bunlarla mübarizə üçün əvvəlcə olduğumuz halı, yaşadığımız hissləri qəbul etməli, prosesi yaşamaqdan qaçmamalıyıq. Yəni daxili olaraq özümüzə dürüst olmalıyıq. Bizə təlqin edilən, reallıqdan uzaq bu təlqinlərə qarşı fərqindəlik qazanmalı və ehtiyac varsa, dəstək axtarmalıyıq”.

 


Lalə Qurbanlı