“Ukraynanın taleyi artıq həll olunub”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:16 03.05.2025

Ukrayna Prezidenti Volodimir Zelenski Baş Qərargahın toplantısını keçirib. Toplantıda Ukraynanın raket proqramı müzakirə olunub.Qarşıya Ukrayna ballistikasının yaradılmasını maksimum sürətləndirmək vəzifəsi qoyulub.

 


Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Ukraynanın taleyi böyük ölçüdə həll olunub:

 

“Birləşmiş Ştatlar artıq öz maraqlarını təmin edir. Yalnız Birləşmiş Ştatların maraqlarını ehtiva edən faydalı qazıntılarla bağlı saziş imzalandı. Bundan sonra Tramp Birləşmiş Ştatların Rusiya-Ukrayna danışıqlar prosesində vasitəçilikdən çıxdığını imtina etdi. Bu təsadüfi deyil. Bunun arxasında müəyyən məqsədlər var. Böyük ehtimalla Ukrayna ərazi güzəştlərinə məcbur ediləcək. Tramp ona görə danışıqlar prosesindən Birləşmiş Ştatların çıxdığını elan etdi. Ərazi güzəştlərinə Ukrayna məcbur edildiyi üçün bunun məsuliyyətini Birləşmiş Ştatların üzərindən atmağa çalışdı. Əgər bu Birləşmiş Ştatların vasitəçiliyi ilə olunardısa, Tramp həm beynəlxalq ictimaiyyətdə , həm də ABŞ ictimai rəyində böyük təzyiqlərdə üzləşə bilərdi. Onun reytinqi aşağı düşərdi. Bütün bunları nəzərə alaraq Birləşmiş Ştatlar vasitəçilikdən çıxdığını elan etdi. Amma pərdə arxasında bütün məsələlər razılaşdırılıb. Rusiya və Birləşmiş Ştatların maraqları təmin olunur. Burada sadəcə olaraq kosmetik dəyişikliklər edilib. Faydalı qazıntılarla bağlı sənədlərə Ukraynanın maraqları haqqında nəsə var. Amma reallıqda tamam fərqli məsələdir. Sazişdə ortaq fond yaradılır. Eyni zamanda Birləşmiş Ştatların Ukraynaya verəcəyi silah satışı, silah dəstəyi göstərilir. Həmin sazişdə əslində silah satışı faydalı qazıntılardan gələcək gəlirlərlə bağlı ortaq fond çərçivəsində, həm də silah satışı həyata keçirəcək. Həmin silah satışında Ukrayna üçün faydalı qazıntılardan nəzərdə tutulan 50 faiz gəlirin,  həm də Birləşmiş Ştatların silah şirkətlərinə gələcək. Eyni zamanda 50 faiz Ukraynaya məxsus olduğu bildirilən faizdən, həm də Ukraynanın yenidən qurulmasında iştirak edəcək. Birləşmiş Ştatların şirkətlərinə pay gedəcək. Dolayısı ilə Ukrayna sazişdə göstərilən 50 faiz payı istədiyi kimi xərcləyə bilməyəcək. Yəni burada görünən odur ki, Birləşmiş Ştatlar prosesə nəzarət edir”.


Əli Zülfüqaroglu qeyd edib ki, burada Ukraynanın taleyi böyük ölçüdə həll olunub:

 

“Ukrayna atəşkəslə bağlı saziş imzalayacaq. Amma Rusiyanın nəzarətində olan əraziləri de-faktoya qəbul etsələr, de-yure qəbul etməyəcək. Bu isə onu deməyə əsas verir ki, Ukraynada mövcud münaqişənin davam etmə perspektivi qalacaq. Bu da Ukraynanın daha da güclənməsini qaçılmaz edir. Ukrayna çalışır ki, bundan sonrakı dönəmdə atəşkəs şəraitindən istifadə edərək öz hərbi potensialını daha da artırsın. Amma burada həm Avropa İttifaqının Ukraynaya dəstək vermək ehtimalı yüksəkdir. Eyni zamanda Birləşmiş Ştatlar da Ukraynanın bu addımına heç bir təzyiq göstərməyəcək. Çünki Birləşmiş Ştatlar istədiyini əldə edib. Bütün bunlar onu deməyə əsas verir ki, Ukraynanın durumu kifayət qədər ciddi və çıxılmaz görünür. Ona görə bundan sonra Ukraynanın istər hərbi potensialının artırılması, istərsə də yeni həmlələr üzərində hər hansı bir planın işləməsi onu deməyə əsas vermir ki, Ukrayna bundan sonra böyük nəticələr əldə edə bilər. İtirilən ərazilərini qaytaracaq. Bu ancaq möcüzə nəticəsində baş verməsi mümkündür. Avropa İttifaqında parçalanma var. Ukraynaya dəstək azdır. Tramp administrasiyası Zelenskini cəzalandırdı. Ukraynaya dəstək verməyəcəyini bildirir. Bu isə onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar və Rusiya arasında normallaşma prosesi qaçılmaz görünür. Bütün bu geosiyasi şərtlər isə Ukraynanın əleyhinə işləyir. Bu da Ukrayna üçün acınacaqlı mənzərə deməkdir”.

 


Nuray Əliyeva