Rusiya–Azərbaycan münasibətlərində yeni təzyiq dalğası

Bölmə: Siyasət › ,
Tarix: 10:51 05.05.2025

Azərbaycan–Rusiya münasibətləri uzun tarixə əsaslanan mürəkkəb və çoxqatlı xarakter daşıyır. Tarixi təcrübə və mövcud geosiyasi reallıqlar bu münasibətlərin daim gərgin və ehtiyatlı yanaşma tələb edən bir müstəvidə inkişaf etdiyini göstərir. Son hadisələr bir daha sübut edir ki, Rusiya Azərbaycanın müstəqil siyasət yürütməsinə qarşı müxtəlif təzyiq vasitələrinə əl atmaqda davam edir.

 

Azər Badamovun saxlanılması hadisəsi fonunda Rusiya niyə Azərbaycana təzyiq göstərir və bu, iki ölkə arasındakı münasibətlərə necə təsir edir?

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı "informator.az"a bildirib ki, Rusiyanın Azərbaycana qarşı atdığı bu addım nə birincidir, nə son olacaq, nə də biz gözləyə bilərik ki, Rusiya artıq Azərbaycanın siyasətində tamamilə birmənalı olaraq tərəfdaşlıq xəttinə keçəcək:

 

"Əvvəllər də qeyd etdiyimiz kimi, dövlətlərarası münasibətlər bu günkü dövlətlərin xarici siyasət vektorları ilə müəyyən olunmur. Bu, birinci şərtdir. İkinci şərt isə tarixdən süzülüb gələn dövlət təcrübəsidir.

 

Azərbaycan–Rusiya münasibətlərinə tarixən dövlətçilik prizmasından baxdıqda görürük ki, bu iki dövlət hər zaman rəqib, bəzən isə düşmən mövqelərdə dayanıb.
Xüsusilə son 200 ildə Rusiyanın Azərbaycana yanaşması tamamilə müstəmləkə prizmasından olub və təəssüf ki, Moskva hələ də özünü XX əsrdə, hətta XVIII–XIX əsrlərdəki kimi hiss edir. Bu da onun Azərbaycan siyasətinə düzgün yanaşmamasına səbəb olur.

 

Azər Badamovun saxlanılması isə böyük ehtimalla onun bu günə qədər Rusiyaya qarşı keçmişdə baş verən böhran anlarında verdiyi bəyanatlarla bağlıdır.


Təbii ki, deputat burada Azərbaycanın milli maraqlarından çıxış edərək və dövlətin hüquqlarını müdafiə edərək haqlı şəkildə müəyyən fikirlər səsləndirmiş ola bilər. Lakin bu addımın niyə atıldığını tam demək üçün hələ tezdir.

 

Ümumiyyətlə, hər bir deputat fikir bildirərkən dayanmalı olduğu ilk və son nöqtə dövlət hüquqları və dövlətlərarası hüquqi prizmadır. Mən düşünmürəm ki, Azər Badamov bu çərçivədən kənara çıxaraq Rusiyaya qarşı sərt, qeyri-məqsədli bir fikir səsləndirsin.

 

Amma istər SEFE məsələsində, istərsə də ondan öncəki böhranlarda dəfələrlə görmüşük ki, Rusiya Azərbaycanda ya agentura şəbəkəsi quraraq onun müdafiəsinə qalxıb, ya da Qarabağ məsələsində və digər beynəlxalq statuslu mövzularda Azərbaycanın hüquqlarını görməzdən gəlib, yalnız öz planlarını həyata keçirməyə çalışıb. Bütün bunlar həm beynəlxalq hüquq, həm də ikitərəfli münasibətlər baxımından Rusiyanın Azərbaycana qarşı yanlış siyasi gedişləridir".

 

Politoloq bildirib ki, bu halları tənqid etmək isə hər bir Azərbaycan siyasətçisinin və ya fikir adamının borcudur. Məsələ Azərbaycan–Rusiya münasibətlərinə əlbəttə ki, mənfi təsir göstərəcək. Amma belə bir reallıq da var:

 

"Azərbaycan və Rusiya münasibətləri onsuz da zaman-zaman mənfi təsirlərə məruz qalıb və Moskva tərəfindən dəfələrlə qərəzli addımlar atılıb. Bu hadisə isə onların sırasında daha kiçik bir məsələ kimi qalır.

 

Düşünürəm ki, bu və gələcəkdə yaşanacaq böhranlarda Azərbaycan tərəfi Rusiyaya layiqli cavab verəcək və bu böhranların həllində də hüquqa uyğun şəkildə, hər kəsin haqlarının qorunduğu prizma ön planda tutulacaq.

 

Rusiya isə Azərbaycanın müstəqil hərəkət etməsinin qarşısını almağa çalışır. Azərbaycan bu gün Çinlə müstəqil əlaqələr qurur, İranla bir neçə gün əvvəl prezidentlər səviyyəsində çox müsbət bir görüş keçirildi, Türkiyə ilə 30 ildən artıqdır ki, müttəfiqlik münasibətlərimiz var, Qərb dövlətləri ilə əlaqələrimiz isə inkişaf edən xətlə davam edir.

 

Rusiya bütün bunları görərək Azərbaycana təzyiq etməyə, onun müstəqil xarici siyasətini əngəlləməyə və bölgədə öz maraqlarını birinci dərəcəli təsir vasitəsi kimi qorumağa çalışır.
Amma artıq gecdir, çünki dünya dəyişir, yeni reallıqlar formalaşır. Rusiya istəsə də, istəməsə də qəbul etməlidir ki, ənənəvi imperial dünya düzəni başa çatıb.

 

Bu gündən sonra bütün dövlətlər bir-biri ilə qarşılıqlı hörmət və əməkdaşlıq əsasında münasibətlər qurmalı, əks halda əlaqələrdə ikinci plana keçəcəklər.


Ona görə də bu kimi məsələlərdən narahat olmağa dəyməz. Bu, Rusiyanın klassik təzyiq siyasətidir. Fərqli üsulları sınayırlar, amma əvvəlki dövrlərdə olduğu kimi bu cəhdlər də uğursuzluqla nəticələnəcək".


Türkan Kərimli