“Bütün hallarda Amerikanın dövlət katibi səviyyəsində bu məsələ ilə bağlı narahatlıq ifadə etməsi siqnaldır”- Politoloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:47 21.05.2025

Suriya vətəndaş müharibəsinə yaxındır. Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.


“Açıq deyim ki, bizim qiymətləndirməmizə əsasən üzləşdikləri çətinlikləri nəzərə alsaq, Suriyada keçid hakimiyyətin dağılmasına, tammiqyaslı vətəndaş müharibəsinə və buna əsasən də ölkənin parçalanmasına bir aydan da az vaxt-həftələr qalıb.
Biz onlara kömək etməliyik. Bu hökumətin uğur qazanmasını istəyirik. Tammiqyaslı vətəndaş müharibəsi və xaos bütün regionun sabitliyinin pozulmasına gətirib çıxaracaq”, - deyə Rubio bildirib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika kəşfiyyatının məlumatlarına əsasən bu fikir deyilir:


“Eyni zamanda bu gün Suriyaya qarşı sanksiyaların aradan qaldırılması istiqamətində ABŞ və Avropa İttifaqının fəaliyyətləri var. Avropa İttifaqı bu sanksiyaları aradan qaldırmaq barədə qərar verib.

Sanksiyaların aradan qaldırılmasına kömək məqsədi ilə Rubio açıqlamalarını bir qədər həyacanlı təqdim edib. Amma nəzərə alsaq ki, bu günlərdə Türkiyə rəsmilərinin də konket PKK-dan istifadə edərək regiona, o cümlədən Türkiyəyə qarşı müəyyən fəaliyyətləri ilə bağlı narazılığını bildirib, burada İran və İsrailə istinadən deyilirdi. Lakin Suriyada hələ də İranın və Rusiyanın hansısa təsir imkanları qalır. Bütün bunlar Suriyada indiki hakimiyyətə qarşı bir etiraz hərəkatının təşkil olunmasına işarədir. ABŞ-nin dövlət katibi Rubio bu etiraz hərəkatını istəmir. Əgər bu baş versə, bütünlükdə bölgədə yenidən xaosun yaranmasına gətirib çıxarar və Rusiyanın, İranın müdaxiləsinə səbəb ola bilər.


Bu gün Türkiyə Suriyada əlindən gələn hər şeyi edir. ABŞ, Avropa İttifaqı, BMT və digər beynəlxalq qurumlar bu məsələdə Türkiyəni dəstəkləyərsə, o zaman vəziyyətdən yayınmaq olar. Bütün hallarda Amerikanın Dövlət katibi səviyyəsində bu məsələ ilə bağlı narahatlıq ifadə etməsi siqnaldır. Onlar da indiki hakimiyyətin qorunmasına və bölgədə sabitliyin olmasına maraqlıdırlar”.

 

Əminə Əliyeva