Orban: “Çətinlik zamanı Əliyev həmişə yanımızda olub”

Tarix: 21:03 21.05.2025
Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevlə mətbuata verdiyi bəyanatda deyib:
“Nə zaman çətinliklə üzləşsək, Prezident Əliyevi yanımızda görmüşük. Artıq 20 ildən çoxdur ki, diplomatiyada, enerji sektorunda və digər sahələrdə hər zaman dəstəyini hiss etmişik”.
O, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının ilk dəfə Macarıstanda keçirilməsini xüsusi vurğulayıb:
“Biz təşkilatın müşahidəçi üzvüyük, amma bu Zirvə görüşünə ev sahibliyi etməkdən məmnunuq”.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “ İnformator.az ”a açıqlamasında bildirib ki, Azərbaycan və Macarıstan arasında tarixi və strateji əlaqələr uzun illərə dayanır:
“Macarıstan Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olmasa da, müşahidəçi statusu ilə bu platformada fəal iştirak edir. Macarıstanın müşahidəçi üzv kimi təşkilatda yer alması onun Türk dövlətləri ilə əlaqələrinin dərin və səmərəli olduğunu göstərir. Bu əlaqələr, xüsusilə iqtisadi, mədəni və siyasi sahələrdə sürətlə inkişaf edir və gələcəkdə Macarıstanın Türk Dövlətləri Təşkilatı daxilində mövqeyinin daha da möhkəmlənməsi gözləniləndir. Macarıstan həm regionda, həm də Türk dünyasında inteqrasiya və inkişaf prosesində mühüm rol oynayır.
İkinci məqama gəlincə, Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaş kimi çıxış edir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Azərbaycana səfəri və enerji təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər bunu bir daha sübut edir. Həmçinin, Avropa İttifaqının digər yüksək vəzifəli nümayəndələri, o cümlədən Estoniyanın Baş naziri Kaya Kallas və digər Avropa liderlərinin fikirləri Azərbaycanın bu sahədəki əhəmiyyətini açıq şəkildə göstərir.
Siyasi şərhçi əlavə edib ki, xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda Avropa ilə Rusiya arasında enerji münasibətlərinin gərginləşməsi Azərbaycanın rolunu daha da önə çıxarıb:
“Bu mürəkkəb dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayıb və əgər Azərbaycan olmasaydı, Avropa ciddi çətinliklərlə üzləşə bilərdi.
Hazırda keçirilən bu görüş də Macarıstana və ümumiyyətlə, Azərbaycan–Macarıstan münasibətlərinə verilən əhəmiyyətin bariz nümunəsidir. Bu tədbirin peşəkar səviyyədə təşkili və yüksək səviyyədə keçməsi isə ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisidir. Eyni zamanda, bu tədbir simvolik baxımdan da əhəmiyyət daşıyır”.
Mahmudlu Ləman