Vaşinqtonun mövqeyi danışıqlarda müsbət rol oynayır

Tarix: 22:58 21.05.2025
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin müttəfiqləri ilə Rusiya ilə birbaşa danışıqların növbəti mərhələsini müzakirə etdiyini bildirib.
Zelenski vurğulayıb ki, Vaşinqton sülh prosesinin iştirakçısı olmalıdır.
Onun sözlərinə görə, Ukrayna və onun müttəfiqləri ABŞ Prezidenti Donald Trampla dünənki söhbətdən sonra detalları və ideyaları müzakirə edirlər.
Mövzu ilə bağlı politoloq Fərhad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Vaşinqtonun danışıqlarda iştirak etməsi olduqca vacibdir:
“Vacibliyin bir məsələsi daha var. Normalda vasitəçi tərəfsiz olmalıdır. Amma bu ona gətirib çıxarmamalıdır ki, bir gün Vaşinqton desin ki, mən vasitəçiyəm və tərəfsizəm. Bundan sonra Ukraynaya silah verə bilmərəm. Bu nöqtəyə gəlib çıxmamalıdır. Bu nöqtəyə gəlib çıxmayacaqsa, Vaşinqtonun vasitəçi qismində deyil. Amma Ukraynanın yanında danışıqlarda iştirak etməsi vacibdir.
Vaşinqtonun mövqeyi digər Avropa dövlətlərinin mövqeyinə görə danışıqlara daha açıqdır və danışıqların əhəmiyyəti üzərində daha çox vurğu aparır. Bu da atəşkəsə nail olmasında, sülhün bağlanmasında müəyyən imkanlar yaradır. Ona görə Vaşinqtonun danışıqlarda iştirakı sülh prosesinə mənfi təsir göstərmir. Müsbət təsir göstərir. Rusiyanın bu münaqişədə çəkinəcəyi əsas güc də Vaşinqtondur. Onun üçün Trampın komandasının danışıq aparma qabiliyyətlərindən asılıdır. Bu danışıqları necə aparacaqlar. Putinə müəyyən təsirlər ola bilər”.
Politoloq qeyd edib ki, Putin, Prezident Donald Trampla telefon danışığından sonra müəyyən ümidverici siqnallardan xəbər verib:
“Danışıqlar bu şəkildə davam edəcək. Müəyyən bir razılaşma üçün əlverişli bir mövqe yarana bilər. İndi biraz da ən azından atəşkəsin təmin olunması mümkün ola bilər. Təbii ki, atəşkəsin təmin olmasından sonra sülh prosesinin başlanması şərti ilə faydalı olacaq.
Təkrar hərbi arsenalları artırarlarsa da yenə müharibəyə getsələr və yenə qan tökülməsinə gətirib çıxarar. Növbəti danışıqlar raundunun necə nəticələnməsinə baxmaq lazımdır. Danışıqlarda Vaşinqtonun iştirak etməsi Zelenski şanslarının nə qədər olduğunu daha yaxşı dərk etməyə imkan verir”.
Nuray Əliyeva