“Azərbaycan, Türk ailəsinin bir üzvüdür”-ŞƏRH

Tarix: 23:02 21.05.2025
“Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcəyinə əminəm”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında danışıb.
O əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması bu istiqamətdə mühüm addımdır.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatı xüsusilə də Türkiyə 44 günlük müharibədə Azərbaycanın haqq işinə çox böyük dəstək verib:
“Xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı fəaliyyəti, onun hökümətində təmsil olunan Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Müdafiə Naziri Hulusi Akarın müharibə dönəmində Azərbaycana ziyarət etməsi qardaşlıq köməyidir. Eyni zamanda Türk Dövlətlər Təşkilatının müharibə dövründə və sonrasında Azərbaycana verdiyi dəstək çox mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinə bu dəstəyin çox böyük əhəmiyyəti var. Xüsusilə də danışıqlarda Azərbaycanın güclü Türk ailəsinin üzvü olması və dəstəklənməsi bu amillər də mühüm əhəmiyyət kəsb edir.
Həmçinin Türk Dünyasının birləşdirilməsi, Türk Dövlətlər Təşkilatının gücləndirilməsində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rolu əvəzedilməzdir. Cənab Prezident çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycanın heç bir halda niyyəti Avropa Birliyinə və digər qurumlara qoşulmaq deyil. Azərbaycan tamamilə Türk Dünyasına inteqrasiya olunmaq prosesini öz üzərinə götürüb. Azərbaycanın əsas yeri məhz Türk Dünyasıdır”.
Politoloq qeyd edib ki, Azərbaycan, Türk ailəsinin bir üzvüdür:
“Rəcəb Tayyip Ərdoğanın verdiyi açıqlamalar Türkiyənin bir daha Azərbaycanın yanında olduğunu, Türk Dünyasının Azərbaycanın yanında olduğunu, Azərbaycanın Türk Dövlətləri ilə və eyni zamanda Türkiyə ilə münasibətlərinin bu mərhələdə yüksək səviyyədə inkişaf etdiyinin göstəricisidir.
Türkiyə baxmayaraq ki, Ermənistanla geniş sərhəd trayektoriyasına malik olan bir ölkədir. Bu müddət ərzində Azərbaycan torqaqları işğalda olduğu üçün Ermənistanla sərhədi açmayıb. İndi də Ermənistan və Türkiyə sərhəd fəaliyyət göstərmir. Diplomatik əlaqələr yoxdur. Ticarət əlaqələri rəsmi şəkildə fəaliyyət göstərmir”.
Ekspert vurğulayıb ki, burada biz Türkiyənin çox böyük rolunu görürük:
“Hələ sülh müqaviləsi imzalanmadığı üçün münasibətlər də bərpa edilməyib. Ancaq Ermənistandan buna çalışan bir qüvvələr var. Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsində ilkin şərt kimi Azərbaycan və Ermənistanın arasında sülh müqaviləsi imzalandıqdan sonra düzələ bilər. Türkiyənin və Türk Dünyasının verdiyi dəstək bizim çox böyük əhəmiyyətə malikdir”.
Nuray Əliyeva