İsrailin hücumu Qəzzada məktəbdə onlarla insanı öldürüb

Tarix: 21:31 26.05.2025
İsrailin son hava zərbələri nəticəsində Qəzzada 54 fələstinli, əsasən qadın və uşaqlar həlak olub. Hədəf Beyt Lahiyadan olan köçkünlərin sığındığı Fəhmi Əl-Cərqavi məktəbi olub. Məktəbə hücum zamanı sinif otaqları yanıb, çoxsaylı insan, o cümlədən uşaqlar ciddi yanıq xəsarətləri alıb. İsrail ordusu ərazidə HƏMAS və İslami Cihadın qərargahlarının yerləşdiyini, həmin binaların “terrorçular” tərəfindən istifadə edildiyini iddia edir. HƏMAS-ın polis rəhbəri və ailəsi də ölənlər arasındadır.
Şimaldakı Cəbəliyyədə bir evin bombalanması nəticəsində 19 nəfər ölüb. Hücumlar son bir həftədə şimal bölgəsində artan hərbi əməliyyatların tərkib hissəsidir. İsrail ordusu 48 saat ərzində 200-dən çox hədəfi vurduğunu açıqlayıb.
Bu arada HƏMAS ABŞ-ın vasitəçiliyi ilə irəli sürülən atəşkəs təklifini qəbul etdiyini bəyan etsə də, amerikalı nümayəndə bunun onun təqdim etdiyi plan olmadığını bildirib. Razılaşma 10 israilli girovun azadlığı, 70 günlük atəşkəs və İsrailin mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutur.
Xüsusilə sarsıdıcı hadisə isə fələstinli həkimin evinə endirilən hücumdur: 10 uşağından 9-u ölüb, biri ağır yaralanıb. Eyni zamanda Qırmızı Xaçın iki əməkdaşı da hücumlar zamanı həlak olub.
İsrailin martda tətbiq etdiyi tam blokada Qəzzada humanitar böhran yaradıb. BMT bölgəyə gündə 500-600 yardım maşını girməli olduğunu bildirir, lakin bu rəqəm hazırda gündə təxminən 100-ə yaxındır. Qəzzada ölənlərin sayı 53,900-ü keçib, bunların 16,500-dən çoxu uşaqdır.
20 ölkə və təşkilat Madriddə toplaşaraq müharibəyə son çağırışı edib, İspaniya İsrailə silah embarqosu tətbiqini gündəmə gətirib. Beynəlxalq ictimaiyyət münaqişənin kəskinləşməsindən ciddi narahatdır.
Mənbə: BBC
Türkan Kərimli