Rusiya hücum planlarını həyata keçirə bilmir -Zelenski

Bölmə: Siyasət › ,
Tarix: 22:16 14.07.2025

 

Rusiya ordusu bu ilin yayında qurduğu hücum planlarından əhəmiyyətli dərəcədə geri qalır.Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram səhifəsində yazıb.

 

Dövlət başçısı bildirib ki, hərbçilərlə, eləcə də müdafiə naziri Rüstəm Umerovla görüşüb:“Biz əsas müdafiə bölgələrindəki vəziyyəti Baş Komandan Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovla müzakirə etdik. Xüsusilə də, Pokrovsk rayonu, Novopavlovskoye, Zaporojye, Xarkov və Sumı vilayətlərinin sərhədyanı ərazilərindəki vəziyyəti”.

 

Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir göstərən mühüm amillərdən biri də iqlim faktorudur:

 

“Xüsusilə, Ukraynada keçən sərt qışlar, bol yağışlı yaz və payız ayları döyüşlərin intensivliyinə ciddi şəkildə təsir edir. Belə hava şəraitində tərəflərdən biri hücum əməliyyatlarını uğurla həyata keçirə bilmirsə, digəri də müdafiə imkanlarını tam reallaşdıra bilmir. Nəticədə, müharibə bir növ passiv fazaya keçir.Bu səbəbdən Rusiya çalışır ki, hava şəraiti onun lehinə olduğu müddətdə, quru qoşunlarının irəliləmək imkanı olduğu dövrlərdə maksimum nəticə əldə etsin və daha çox ərazi işğalına nail olsun. Lakin Rusiya anlayır ki, artıq üç ildən çox davam edən bu müharibədə qazandığı nəticələr hərb tarixində “məğlubiyyətə bərabər qələbə” və ya sadəcə taktiki üstünlük kimi qiymətləndirilir”.

 

Hikmət Babaoğlu qeyd edib ki, əgər güc balansına, əhali faktoruna və digər resurslara diqqət yetirsək, açıq görünür ki, həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan Rusiya bu müharibədə çoxdan qələbə qazanmalı idi:

 

“Ancaq bu baş verməyib. Rusiya anlayır ki, hər nə qədər özünü qalib kimi göstərməyə çalışsa da, əslində, hazırkı vəziyyət onun məğlubiyyətini nümayiş etdirir. Məhz bu səbəbdən Kreml yeni nəticələr əldə etməyə çalışır və hücum planlarını genişləndirməyə cəhd edir.Burada əsas məqamlardan biri canlı qüvvə faktorudur. Müharibənin taleyini müəyyən edən əsas faktor insan resursudur. Raketlərlə hansısa obyektləri məhv etmək mümkündür, amma əraziləri uzunmüddətli və davamlı şəkildə işğal edib saxlamaq üçün mütləq canlı qüvvəyə ehtiyac var. Rusiya da bunu anlayır və Ukrayna ərazilərində mövcudluğunu qalıcı etməyə çalışır.Ukrayna isə öz növbəsində bunun qarşısını almaq üçün müxtəlif müdafiə planları hazırlayıb. Bəzən bu planlar tam uğurlu alınmasa da, Ukrayna ordusu müxtəlif cəbhələrdə Rusiyanın hücumlarını geri oturtmağı bacarır”.

 

Politoloq vurğulayıb ki, digər vacib məqam isə Qərbin, xüsusən də ABŞ-nin dəstəyidir:

 

“Son dönəmlərdə, xüsusən də Donald Trampın prezident seçilməsindən sonra, Ukrayna-Amerika münasibətlərində qeyri-müəyyənlik hiss olunur. Ukraynaya vəd olunan hərbi yardımların, tələb olunan silahların və texniki resursların tam şəkildə çatdırılmadığı görünür. Bu isə müharibənin gedişatına birbaşa təsir edir.Ümumilikdə isə hazırkı şəraitdə qalıcı nəticələr əldə etmək tərəflər üçün olduqca çətindir. Belqorod və digər bölgələrdə də Rusiyanın uzunmüddətli möhkəmlənməsi müşahidə olunmur. Bununla belə, iki ölkənin ordusu, insan resursları və iqtisadi potensialını müqayisə etdikdə, Ukraynanın olduqca cəsarətli və qətiyyətli müqavimət göstərdiyi açıq-aydın görünür. Ukrayna hətta hərb tarixində yeni nümunələr yaradır”.

 

Hikmət Babaoğlu son olaraq açıqlamasında bildirib ki, əgər qarşıdakı aylarda Rusiyanın hücum planları uğursuzluğa düçar olsa, — xüsusən sentyabrın sonu, oktyabrın əvvəllərinə qədər ciddi nəticələr əldə etməsə — bu, müharibənin ümumi nəticələrinə ciddi təsir göstərəcək:

 

“O zaman Rusiya ya öz hücum strategiyasına, ya da ümumiyyətlə müharibə konsepsiyasına yenidən baxmaq məcburiyyətində qalacaq. Bunun üçün isə əsas şərt Qərbin və ABŞ-nin Ukraynanı sona qədər dəstəkləməsidir”.


Mahmudlu Ləman