ABŞ-dən Rusiyaya sərt xəbərdarlıq -50 gün vaxt verilib

Tarix: 14:31 15.07.2025
Trampın sözlərinə Putin cavab verəcək.
ABŞ lideri Donald Trampın Ukraynaya Amerika silahlarının tədarükü və əlavə antirusiya məhdudiyyətlərinin tətbiqi ilə bağlı bəyanatları Rusiya Federasiyasının, o cümlədən Prezident Vladimir Putinin reaksiyasına səbəb olacaq.
Bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
"Aydındır ki, o (Putin – red.) nəinki Amerika silahlarının Avropanın hesabına ukraynalıların ixtiyarına verilməsinə reaksiya verməyəcək, həm də açıq-aşkar Çin, Hindistan və ondan neft alan digər ölkələrə tətbiq edilən tariflərə də reaksiya verəcək", - Uitaker bildirib.
Qeyd edək ki, daha öncə Tramp Putin əleyhinə çıxış edib.
Mövzu ilə bağlı "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda Tramp administrasiyasının Rusiyaya qarşı münasibətində sərtləşmə müşahidə olunur:
"Bu, əsasən Rusiya prezidenti Vladimir Putinin Trampın irəli sürdüyü sülh təşəbbüslərini ardıcıl şəkildə nəticəsiz qoyması ilə əlaqədardır. Nəticədə yaranan vəziyyət bir sıra ciddi problemlərə səbəb olur. Bir tərəfdən bu, ABŞ-nin qlobal nüfuzuna sarsıdıcı təsir göstərir, digər tərəfdən isə prezident Donald Trampın şəxsi imicinə zərbə vurur.
Məhz bu səbəbdən Tramp administrasiyası, xüsusilə də Ağ Evin sahibi vəziyyətdən ciddi narahatlıq keçirir. Prezident Tramp açıq şəkildə həm Rusiya, həm də şəxsən Vladimir Putindən narazı olduğunu bəyan edib və bildirib ki, Rusiyaya qarşı daha sərt addımlar atmağa hazırdır.
Son açıqlamasında prezident Donald Tramp Rusiyaya 50 günlük müddət verildiyini bildirib. Əgər bu müddət ərzində Rusiya sülh sazişini imzalamasa, ölkəyə qarşı daha sərt iqtisadi sanksiyalar tətbiq olunacaq. Eyni zamanda, Ukraynanın ABŞ istehsalı olan müasir silahlarla təchizatı sürətləndiriləcək və silahların həcmi artırılacaq. Bu isə Rusiya üçün olduqca təhlükəli proses ola bilər, çünki Kreml ABŞ silahlarının zərbələrinə qarşı uzunmüddətli müqavimət göstərmək imkanlarına malik deyil.
Belə olan halda Kremlin qarşısında iki seçim dayanır. Birinci ssenariyə əsasən, Rusiya Ukraynada hərbi uğurlar əldə etməyə çalışacaq ki, bu, danışıqlar masasında üstün mövqe qazanmaq məqsədi daşıyacaq. Əgər bu mümkün olmazsa, Kremlin geri çəkilmək məcburiyyətində qalması istisna deyil. Lakin bu cür geri çəkilmə Rusiya daxilində ciddi narazılıqla qarşılanacaq.
Bütün bu amillər fonunda demək olar ki, Rusiya üçün həlledici mərhələ artıq başlayıb. Əgər 50 günlük müddət başa çatdıqdan sonra yeni sanksiyalar tətbiq olunarsa, Rusiya iqtisadiyyatı daha ağır çöküş mərhələsinə keçə bilər. Bu isə Kremlin müharibəni davam etdirmək imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.
Bu səbəbdən Kreml Tramp administrasiyasının xəbərdarlıqlarına ciddi yanaşmalıdır. Tramp proqnozlaşdırılması çətin olan bir liderdir və istənilən anda sərt addımlar ata bilər. Eyni zamanda, Rusiyaya tətbiq olunan sanksiyalardan yayınmağa yardım edən ölkələr də eyni aqibətlə üzləşə bilər. Bu ölkələrin sırasında Çin, Hindistan və digər dövlətlər yer alır".
Politoloq əlavə edib ki, mövcud qarşıdurma vəziyyəti xüsusilə Avropa ölkələrinin maraqları ilə üst-üstə düşür:
"Avropa Birliyinə üzv dövlətlər Ukraynanın silahlandırılmasında və Rusiyaya qarşı müqavimətində maraqlıdırlar. Rusiyanın zəiflədilməsi və Ukraynanın gücləndirilməsi Avropanın təhlükəsizlik sisteminin gələcəyi baxımından strateji əhəmiyyət daşıyır.
Avropa ölkələri bu müharibənin uzanmasını, eyni zamanda yeni təhlükəsizlik arxitekturası qurmaq üçün zaman qazanılması kimi qiymətləndirirlər. Əgər münaqişə davam edərsə, AB ölkələri yaxın illərdə hərbi potensiallarını artıraraq qitə təhlükəsizliyini yenidən təşkil etmək imkanına malik olacaqlar.
Nəticə etibarilə, bu vəziyyət həm Ukrayna, həm də Avropa İttifaqı üçün müəyyən strateji üstünlüklər yarada bilər. Lakin eyni zamanda Rusiya üçün olduqca ciddi təhlükələr vəd edən bir mərhələnin başlanğıcıdır".
Aytən Ağazadə