İsrailin müdafiə naziri Yəmən hərəkatının liderini hədələyib

Bölmə: Siyasət › ,
Tarix: 22:10 26.05.2025

 

İsrail “Ənsar Allah” (Husi) üsyançı hərəkatının hücumlarına cavab olaraq Yəmənə zərbələr endirməyə davam edəcək və onun lideri Əbdül Malik əl-Husini zərərsizləşdirməyə hazırdır.  

 

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az" a açıqlamasında bildirib ki,İsrail müdafiə nazirinin “Ənsar Allah” (Husi) hərəkatının lideri Əbdül Malik əl-Husinin zərərsizləşdirilə biləcəyi ilə bağlı verdiyi bəyanat Orta Şərqdə kifayət qədər kövrək olan təhlükəsizlik balansına zərbə vura bilər:

 

 

"Digər tərəfdən isə belə birbaşa təhdid yalnız Yəməndəki qruplaşmanın fəaliyyətinə cavab olaraq deyil, həm də İsrailin regiondakı strateji rəqiblərinə, xüsusilə də İrana ünvanlanan bir siyasi mesaj kimi qəbul oluna bilər.Onu da qeyd etmək lazımdır ki, Husilərin son aylarda Qırmızı dənizdə beynəlxalq ticarət marşrutlarını hədəfə alan hücumları İsrail ilə paralel olaraq, bütövlükdə Qərb dövlətləri üçün də ciddi narahatlıq yaradan məqama çevrilib. Buna baxmayaraq, İsrailin siyasi belə açıq hədələri beynəlxalq hüquq baxımından kifayət qədər suallar yaradır və regional münaqişənin daha da dərinləşməsi riskini artırır. Belə ki, ABŞ və bəzi Avropa ölkələri Husilərin təxribatlarına qarşı sərt mövqe tutsalar da, İsrailin Yəməndə aparacağı mümkün genişmiqyaslı əməliyyatlar və siyasi rəhbərliyi hədəf ala biləcək addımları onlar üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.

 

Ekspertin sözlərinə görə belə addımlar BMT tərəfindən suverenliyə təhdid kimi qiymətləndirilməklə dövlətlərarası gərginliyi alovlandıra bilər:

 

“Eləcə də, İranın bu prosesə necə reaksiya verəcəyi ən çox müzakirə edilən məsələlərdən biridir. Rəsmi Tehran uzun müddətdir ki, husiləri özünün regional “müqavimət oxunun” bir hissəsi kimi dəstəkləyir. İsrailin birbaşa Husi liderini hədəfə alması İranın bu dəstəyi daha da gücləndirməsinə və bu qrupun Qırmızı dənizdəki hərbi fəaliyyətini artırmasına gətirib çıxara bilər.  Beləliklə də, nəticə etibarilə bu addımlar yalnız regional deyil, həm də qlobal enerji və ticarət axını üçün ciddi nəticələr yarada bilər".

 

Asiman Vəliyeva