Kallas Qərbi Rusiyaya maksimum təzyiq göstərməyə çağırıb

Tarix: 22:30 26.05.2025
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Qərb ölkələrini Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmaq üçün Rusiyaya maksimum beynəlxalq təzyiq göstərməyə çağırıb.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Zeynal Əmrəliyev bildirir ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi son siyasət, yəni bu, əslində gözlənilən idi:
“Çünki Rusiya Ukraynanı İstanbul danışıqlarına dəvət etsə də, eyni zamanda Ukraynaya qarşı daha genişmiqyaslı hərbi əməliyyatlara start verdi. Faktiki olaraq danışıqların getdiyi bu müddət ərzində Ukraynanın enerji sektoru xüsusilə hədəfə alınıb. Rusiya tərəfindən ciddi şəkildə sənaye obyektləri bombalanır, iri şəhərləri kütləvi şəkildə dron hücumuna məruz qalır. Yəni bütün bunlar da Qərbin ritorikasını daha da sərtləşməsinə səbəb olub. İş o yerə gəlib çatıb ki, prezident seçildikdən sonra Rusiyaya qarşı nisbətən yumşaq siyasətinin tərəfdarı olan Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp da öz ritorikasını sərtləşdirib və Trampın son verdiyi açıqlama kimi Rusiyaya qarşı sərt sanksiyaları nəzərdən keçirib. Bu, açıq aydın şəkildə göstərir ki, Rusiyaya qarşı sərt siyasət yaxın zamanlarda özünü büruzə verəcək, yəni ağır sanksiya siyasəti tətbiq olunacaq. Onsuz da Avropa İttifaqı rəsmi şəkildə bildirirdi ki, Rusiyadan ancaq güc dilində danışmaq lazımdır. Trampın Rusiya ilə yumşaq siyasətindən narazı idilər və bu hadisələrin fonunda İttifaqın Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kallasın verdiyi açıqlama şübhəsiz ki, onu göstərir ki, Rusiyaya qarşı bu siyasət Avropa İttifaqında gücləndirilmiş şəkildə davam edəcək”.
Həmçinin şərhçi qeyd edir ki, onsuz da xanım Kallas Estoniyanın baş naziri olduğu dövrdə də bu siyasəti davam etdirirdi:
“Yəni, anti Rusiya siyasəti Estoniyada hakim idi. Məlum olduğu kimi, Baltikyanı ölkələrin daha qədimdən Rusiyadan tarixi, ziddiyyətli əlaqələri mövcuddur və hal hazırda Baltikyanı ölkələr Rusiyaya qarşı çox sərt siyasət aparırlar. Kallasın dövründə də Avropa meyilli siyasətçi kimi Estoniyanın baş naziri seçilmişdi və bu siyasəti Estoniyada baş nazir hökumət rəhbəri olduğu dövrdə davam etdirirdi. Bu siyasət, ümumiyyətlə, davam edəcək və böyük ehtimalla bu dəfə ABŞ və Aİ həmrək şəkildə Rusiyaya qarşı ağırlaşdırılmış sanksiya siyasəti tətbiq edəcəklər ki, bu Rusiya iqtisadiyyatı üçün çox nəticələrə səbəb ola bilər. Çünki Rusiya Mərkəzi Bankı Kremli bu məsələlərlə bağlı ciddi şəkildə xəbərdarlıq etmişdi ki, əgər Qərb bir daha ağır sanksiya siyasəti tətbiq edərsə, rublla ayaqda saxlamaq bu dəfə çox çətin olacaq”.
Aysel Mirzəyeva