Fidan: Türkiyə, Rusiya və Ukrayna sülh yolunda irəliləyiş əldə edib

Bölmə: Dünya › ,
Tarix: 23:52 02.06.2025

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan, İstanbulda keçirilən Türkiyə–Rusiya–Ukrayna üçtərəfli görüşün konstruktiv atmosferdə keçdiyini və tərəflərin ilk görüşdə razılaşdıqları məsələləri bir addım irəli apardıqlarını bildirib.

 

Fidanın sözlərinə görə, danışıqlarda humanitar mübadilə sahəsində yeni kateqoriyalar müəyyənləşdirilib, daha çox sayda məhbusun dəyişdirilməsi barədə razılıq əldə olunub. Tərəflər həmçinin atəşkəs və sülh perspektivlərini əks etdirən memorandumlar mübadiləsi aparıb və texniki səviyyəli işlərin başlanmasına dair razılığa gəliblər.

 

Liderlər səviyyəsində görüş üçün zəmin hazırlığı da davam etdirilir. Nazir Fidan bildirib ki, tərəflərin nümayiş etdirdiyi nəticəyönümlü yanaşma qənaətbəxşdir və bu tarixi prosesdə Türkiyəyə göstərilən etimada görə hər iki ölkəyə təşəkkür edir.

 

İstanbul görüşü ilə Türkiyə, üç ildən sonra yenidən Rusiya və Ukrayna nümayəndələrini eyni masa ətrafında toplayıb. Görüş nəticəsində 1000 nəfərlik məhbus mübadiləsi həyata keçirilib və atəşkəs üçün yeni variantlar təqdim olunub.

Mənbə:BBC

Kərimli Türkan