Azərbaycanla Çin arasında vizasız rejimə dair saziş yeni mərhələnin başlanğıcıdır -Politoloq

Tarix: 18:23 11.06.2025
Azərbaycan və Çin arasında vətəndaşların vizasız gediş-gəlişini nəzərdə tutan saziş Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilib. Bu qərar iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə keçdiyinin bariz göstəricisi kimi dəyərləndirilir.
Mövzu ilə bağlı iqtisadçı Altay İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Çin arasında vizasız rejim sadəcə logistika və turizm sahəsində rahatlıq yaratmır, həm də siyasi inteqrasiyanın dərinləşməsinə işarədir:
“Əlbəttə, bu müqavilə Şərq dünyası ilə Azərbaycanın inteqrasiyasının artmaqda olduğunun göstəricisidir. Azərbaycan ümumilikdə balanslı bir xarici siyasət kursu yürütməklə bərabər, son dövrlərdə Şərq dünyası ilə münasibətlərini getdikcə gücləndirir. Bu da onu göstərir ki, ölkənin prioritetləri arasında müəyyən dəyişikliklər baş verir”.
İqtisadçının sözlərinə görə, bu cür sazişlər qarşılıqlı etimadın əsasını təşkil edir və yalnız gələcəkdə daha dərin əməkdaşlıq gözlənilən ölkələrlə imzalanır.
Altay İsmayılov əlavə edib ki, sazişin iqtisadi nəticələri də olduqca önəmlidir:
“İndiyə qədər bizim üçün önəmli olan İpək Yolu və “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın rolunun artması bu sazişlə daha da möhkəmlənir. Xüsusilə Azərbaycanın logistika və nəqliyyat qovşağına çevrilməsi baxımından bu qərar Transxəzər dəhlizinin rolunun artmasına təkan verəcək”.
Ekspert vurğulayıb ki, bu dəhliz Çin ilə Avropa arasında daha qısa, effektiv və az xərcli marşrut formalaşdırmağa imkan yaradacaq. Bununla yanaşı, turizm, təhsil, texnologiya və digər sosial sahələrdə də əməkdaşlıq genişlənəcək.
“Vizasız rejim həmçinin Çin sərmayəsinin Azərbaycana yönəlmə ehtimalını artırır. Fərdi sahibkarlar arasında biznes əlaqələrinin intensivləşməsi və ümumilikdə qarşılıqlı əməkdaşlıq imkanlarının genişlənməsi gözlənilir. Çin modelinin öyrənilməsi və tətbiqi də bizim üçün önəmli bir fürsət ola bilər,” – deyə Altay İsmayılov qeyd edib.
Solmaz Muradova