Torpaq qiymətləri niyə bu qədər artır?-EKSPERT AÇIQLAYIR

Tarix: 13:24 12.06.2025
Bakıda torpaq sahələrinin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusilə Ələt, Hövsan və Nərimanov kimi ərazilərdə bu artım daha qabarıq hiss edilir. Mütəxəssislər bildirirlər ki, bu tendensiya gələcək illərdə də davam edəcək və torpaq sahələrinin ucuzlaşması gözlənilmir.
Mövzu ilə bağlı daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Bakı və Abşeron ərazisində torpaq qiymətlərinin artımı ilk növbədə, mövsümi amillərlə bağlıdır:
“Yaz və yay aylarında, ümumilikdə aktiv tikinti mövsümündə torpağa tələbat artır və bu da qiymət artımına səbəb olur. Təkcə Bakı və Abşeron deyil, respublikanın demək olar ki, bütün regionlarında torpaq qiymətlərində artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri var. Ən əsas səbəblərdən biri tikinti təyinatlı torpaq sahələrinin məhdudluğudur. Bu səbəbdən, həm paytaxtın mərkəzində, həm də kənar ərazilərdə yaşayış təyinatlı torpaqların qiymətində artım qeydə alınır.
Torpaqlar əsasən üç kateqoriyaya bölünür: dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar. Xüsusi mülkiyyətdə olan torpaqlar ayrı-ayrı vətəndaşlara məxsusdur və onların dəyəri birbaşa sahibləri tərəfindən müəyyən olunur. Burada bazar faktoru əsas rol oynayır — tələb artdıqca qiymətlər də yüksəlir.
Dövlət torpaqları isə dövlət mülkiyyətindədir və onların qiyməti hərraclar və investisiya müsabiqələri zamanı müəyyənləşdirilir. Bələdiyyə torpaqlarının qiymətində də son zamanlar artım müşahidə olunur ki, bu da bələdiyyə fonduna daxil olan torpaq sahələrinin azalması ilə bağlıdır”.
Ekspert qeyd edib ki, ümumilikdə, müşahidələr göstərir ki, respublikanın bütün ərazilərində, xüsusilə də turistik bölgələrdə o cümlədən Bakıda və Abşeronda torpaq qiymətləri artmaqdadır:
“Bu artımın gələcəkdə hansı istiqamətdə davam edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Elə qərarlar qəbul oluna bilər ki, qiymətlərin azalmasına təsir etsin. Lakin mövcud şərtlər yaxın gələcəkdə torpaq qiymətlərinin daha da artacağını göstərir”.
Əminə Əliyeva