Macarıstan Türk Ticarət və Sənaye Palataları Birliyinə tamhüquqlu üzv olub

Bölmə: Dünya › ,
Tarix: 18:20 18.06.2025

Macarıstanın paytaxtı Budapeştdə Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

 

"İnformator.az" Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, iclasda Macarıstanın bu təşkilata tamhüquqlu üzv qəbul edilməsi məsələsinə baxılıb.

 

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Katalin Bihari ölkəsini türk dövlətləri üçün Avropaya açılan qapı kimi qiymətləndirib. O, ticarət sahəsində əməkdaşlıq potensialını, birgə iqtisadi komissiyalarda kənd təsərrüfatı və logistika daxil olmaqla müxtəlif sektorlarda əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, Macarıstanın Türk İnvestisiya Fonduna qoşulmaq səylərinin iqtisadi əlaqələrin genişləndirilməsinə sadiqliyini nümayiş etdirdiyini bildirib.


TCCI-nin fəxri prezidenti, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlu iştirakçıları Dünya Palatalar Federasiyası və türk iş adamları adından salamlayaraq, üzv palataları ticarət müharibələri, iqlim böhranları kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün birliyi gücləndirmək və süni intellekt, logistika və enerji sahələrində imkanlardan istifadə etməyə çağırıb.