Akademik karyera qurmaq istəyirsinizsə, bakalavr təhsilindən dərhal sonra magistratura və daha sonra doktorantura təhsili almalısınız

Tarix: 12:31 19.06.2025
Azərbaycanda magistratura təhsilinə maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu, təhsil sistemində baş verən inkişaflarla və iş bazarının tələblərinin dəyişməsi ilə bağlıdır. Magistratura tələbələrə bakalavriat səviyyəsindən sonra ixtisaslarını daha da dərinləşdirmək və praktiki bacarıqlarını artırmaq imkanı verir.
Ölkədə universitetlər magistratura proqramlarının keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə müxtəlif addımlar atırlar. Bununla yanaşı, tələbələr arasında həm ölkə daxilində, həm də xaricdə təhsil almaq imkanları diqqətlə qiymətləndirilir.
Bu şəraitdə tələbələrin magistratura seçimləri bir neçə faktordan, o cümlədən təhsil proqramlarının keyfiyyəti, karyera perspektivləri və fərdi üstünlüklərdən asılı olaraq dəyişir.
Mövzunu daha dərindən öyrrənmək üçün Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin karyera planlaması və inkişafı üzrə mütəxəssisi, UNEC-in karyera planlaması və inkişafı kafedrasının müəllimi Lalə Paşayevanın fikirlərini öyrəndik.
Universitet təhsilinizi bitirməyə yaxınlaşdıqca ağlınızda yaranacaq ən vacib suallardan biri budur: Məzun olduqdan sonra nə edəcəyəm? Magistratura, yoxsa iş həyatı?
Hazırda karyera dünyasında ciddi bir yarış mövcuddur və bu yarışda planlamanızı və zamanlamanızı düzgün aparmaq vacibdir.
Əslində, ilk olaraq bu suala cavab tapmaq lazımdır: Karyeramı Azərbaycanda qurmaq istəyirəm, yoxsa başqa bir ölkədə? Bu suala verəcəyiniz cavab çox önəmlidir, çünki bu aspektdən karyera planlamasında ciddi fərqlər ortaya çıxır. Azərbaycan reallığında universiteti bitirdikdən dərhal sonra magistraturaya başlamaq üstünlük verilən bir haldır. Lakin dünyanın qabaqcıl təhsil ölkələrində vəziyyət tamamilə fərqlidir.
Məsələn, Amerika, İngiltərə, Avstraliya və bir çox Avropa ölkələrində bakalavr təhsilini bitirən şəxslər üçün 2-3 il iş təcrübəsindən sonra magistraturaya başlamaq daha perspektivli bir yanaşma hesab olunur. Bu yanaşmanın əsas məqsədi ondan ibarətdir ki, məzun olan şəxs sahəsində praktiki təcrübə qazansın, öyrəndiklərini tətbiq etsin və magistr təhsilinə başladıqda həmin təcrübəni dərslərlə birləşdirə bilsin.
Karyera və şəxsi inkişaf üzrə ekspert olaraq nə tövsiyə edə bilərəm?
Dərs dediyim bakalavr tələbələrinə də bu tövsiyəni verirəm:
Karyera məqsədiniz vacibdir. Universitetin 2-ci və 3-cü kurslarından etibarən karyera planınızı hazırlamağa başlamalı və məzun olduqdan sonra bu planı həyata keçirməlisiniz. Ən çox qarşılaşılan problemlərdən biri budur ki, tələbələr məzun olduqdan sonra düşünmədən, ani və plansız şəkildə qərar verərək illərini boşa verirlər.
Əgər akademik karyera qurmaq istəyirsinizsə, yolunuz bəllidir: bakalavr təhsilindən dərhal sonra magistratura və daha sonra doktorantura təhsili almaq. Bu, ayrıca bir istiqamətdir. Eyni zamanda, əgər dövlət qulluqçusu kimi fəaliyyət göstərmək istəyirsinizsə, magistratura təhsilinə öncədən başlamağınız daha məqsədəuyğundur.
Əgər məqsədiniz özəl və ya beynəlxalq şirkətlərdə işləməkdirsə, burada alternativləriniz artır. Bilik, bacarıq və özünə inamınız varsa, məzun olduqdan sonra və ya hələ 3-4-cü kurslarda xəyal etdiyiniz şirkətdə işə başlayaraq eyni zamanda magistratura oxuya bilərsiniz. Xüsusilə MBA və logistika üzrə magistr proqramlarında dərs planlaması iş dünyasında istifadə olunan alətlərə uyğun təşkil olunur. Əgər arzu etdiyiniz şirkət üçün iş təcrübəniz və bacarıqlarınız kifayət deyilsə, daha kiçik bir şirkətdə işləməyə başlayaraq paralel şəkildə magistratura təhsili ala bilərsiniz. Bu yolla siz 1-2 il ərzində arzuladığınız karyera üçün lazım olan keyfiyyətləri qazana bilərsiniz.
Nə etməməliyəm?
Gəldik əsas məsələyə. Tələbələrin buraxdığı ən böyük səhvlərdən biri budur: bakalavrı bitirib dərhal magistraturaya başlayan şəxs, təhsili bitirdikdən sonra akademik karyeranı davam etdirməyib yaxşı bir müəssisədə işləmək istəyir. Magistr təhsili almış, lakin iş təcrübəsi olmayan bir şəxs, eyni dövrdə həm təhsil almış, həm də iş təcrübəsi qazanmış biri ilə müqayisədə dezavantajlı vəziyyətdə olur. Araşdırmalar göstərir ki, hazırda əmək bazarında işəgötürənlər magistr diplomundan daha çox iş təcrübəsinə üstünlük verirlər.
Əgər magistr təhsili almağa qərar vermisinizsə, bu yolu doktorantura ilə davam etdirərək akademik karyera qurmağınız daha məqsədəuyğun olacaqdır.
Magistraturanı xaricdə oxuyum?
Səmimi olaraq deyə bilərəm ki, hədəfiniz istər iş həyatı, istərsə də akademik karyera olsun, xaricdə magistratura oxumağınız hər bir halda üstünlükdür. Qabaqcıl texnologiyalar, innovativ yanaşmalar və fərqli təhsil mühiti baxımından xaricdə təhsil sizə çox şey qazandıracaq. Sadə bir araşdırma belə göstərir ki, işəgötürənlərin təxminən 60%-i xaricdə təhsil almış və ya bu təcrübəyə sahib olan namizədlərə üstünlük verir.
Xaricdə magistr təhsili almış şəxslər məzun olduqdan sonra həm ölkələrində, həm də beynəlxalq şirkətlərdə daha asan iş tapırlar. Xüsusilə bir ildən çox xaricdə yaşayan tələbələr xarici dildə aldıqları ixtisaslaşmış təhsil sayəsində bu dili yüksək səviyyədə istifadə edə bilirlər. Eyni zamanda, qlobal düşüncə və təcrübə qazandıqları üçün iş müraciətlərində ciddi üstünlük əldə edirlər.
.
Məzunların məşğulluq məsələsində magistr təhsilinin rolu nədir?
Peşəsini sevən, lakin sahəsində irəliləmək imkanı tapa bilməyən şəxslər üçün magistratura təhsili yeni karyera fürsətləri yaradır. Burada vacib olan məqamlardan biri peşələrin gələcəyini düzgün dəyərləndirmək və bu istiqamətdə seçim etməkdir. Çünki hər il yüzlərlə universitet eyni ixtisaslardan minlərlə məzun verir, lakin bu məzunlar üçün kifayət qədər iş imkanı olmur. Bu da işsizliyin artmasına səbəb olur.
Nəticədə, bir çox yeni məzun iş tapa bilmir. İşə girənlərin isə qarşısında karyera yüksəlişi məhdud olur. Magistratura təhsili bu kimi hallarda peşədən uzaqlaşmadan fərqli bir istiqamətə keçid etməyə imkan yaradır.
Məsələn, psixologiya üzrə bakalavr təhsili alan biri üçün iş tapmaq çətin ola bilər. Çünki bakalavr dərəcəsi psixoloq adı versə də, mütəxəssislik səlahiyyəti qazandırmır. Bu sahədə mütəxəssis olmaq üçün klinik, inkişaf, neyropsixologiya və s. üzrə magistratura oxumaq vacibdir. Bu hal hüquqşünaslar, həkimlər və digər peşə sahibləri üçün də keçərlidir.
Bəzən şəxsin seçdiyi peşə şəxsi və psixoloji amillərlə uyğun gəlmir. Məsələn, qana dözə bilməyən tibb bacısı və ya hündürlük qorxusu olan pilot kimi hallar ola bilər. Bu hallarda peşədən uzaqlaşmadan, sahə daxilində karyera dəyişikliyi etmək üçün magistratura vacib rol oynayır.
Nəticə:
Tələbə və məzunlar rəqabətli iş dünyasında uğurlu olmaq üçün daim öyrənməyə və şəxsi inkişaflarına önəm verməlidirlər. Sahə üzrə əlaqələr qurmaq, sertifikatlar almaq, praktiki təcrübə toplamaq – bütün bunlar güclü karyera təməli üçün vacibdir. Könüllü fəaliyyətlər, layihələrdə iştirak, təcrübə proqramları bu prosesə dəstək olur. Uzun sözün qısası, yaxşı planlanmış karyera strategiyası ilə həm magistr təhsili, həm də iş təcrübəsi toplayaraq xəyal etdiyiniz nöqtəyə çata bilərsiniz.
Cənnət Şamilqızı