Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək

Tarix: 22:05 19.06.2025
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Minskdə keçiriləcək sammitində iştirak etməyəcək.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, Paşinyan Aİİ sammitində iştirak etməyəcək:
"Bu, siyasi xarakter daşıyır. Burada hər hansı şəxsi səbəb görünmür. Əvvəllər COVID-ə yoluxduğunu bəhanə edirdi, indi də yəqin bir səbəb gətirəcək. Amma reallıq odur ki, Rusiya və Ermənistan arasında siyasi zəmində müəyyən gərginlik yaşanmaqdadır. Bu gərginliyin əsas səbəbi Ermənistanda son zamanlar siyasi qruplaşmaların fəallaşmasıdır. Ermənistan rəhbərliyi bu fəallaşmanın arxasında Rusiyanı görür. Paşinyanla kilsə arasında da gərginlik mövcuddur. Sosial şəbəkələrdə kilsə rəhbərini açıq şəkildə tənqid edən Paşinyan görünən odur ki, kilsənin nüfuzunu zəiflətməyə çalışır. Aydındır ki, Rusiya kilsənin tərəfindədir. Eyni zamanda, Rusiya müxalif qüvvələri dəstəkləyən bir güc kimi Ermənistanda təqdim olunur. Ona görə də Paşinyan Rusiyanın bu addımlarından ehtiyat edərək, ona qarşı bir növ siyasi demarş həyata keçirir. Son günlər Ermənistanda bir sıra mühüm hadisələr baş verdi. Bunlardan ən diqqət çəkəni erməni əsilli Rusiyalı milyarder Karapikyanın İrəvanda saxlanılması oldu. Paşinyana görə həmin şəxs Rusiyanın göstərişlərini yerinə yetirərək hakimiyyət əleyhinə fəaliyyət göstərirdi. Bütün bunların fonunda Karapikyanın həbsi Rusiyada Paşinyana qarşı əks-təbliğatın güclənməsinə səbəb oldu. Sonradan Paşinyanın bəyanatlarında da bu mövqe sezilməyə başladı. Mətnaltı şəkildə olsa da, o, əsas təhdidin Rusiyadan gəldiyini vurğulayır. Paşinyan belə bir fikir də səsləndirir ki, Ermənistan artıq müstəqil ölkədir və başqa bir dövlətin aləti deyil. Bu, dolayısı ilə Ermənistanın əvvəllər Rusiyanın təsiri altında olduğunu etiraf etmək anlamına gəlir. İndi isə o, bu roldan imtina etdiyini nümayiş etdirməyə çalışır. Bütün bu məqamlar fonunda Paşinyanın Rusiya və Belarusiyaya səfər etməməsi artıq təəccüblü görünməməlidir".
Politoloq həmçinin bildirib ki, Paşinyan çox sürüşkən bir xarakterə malikdir:
"Bu gün bir cür danışır, sabah başqa cür addım ata bilər. Məsələn, 9 mayda Moskvaya səfəri bunu aydın şəkildə göstərdi. Həmin səfərdə Rusiya-Ermənistan münasibətləri ilə bağlı müzakirələr aparılmış, əməkdaşlıqdan danışılmışdı. Ona görə də bu gün Paşinyan özünü incik kimi göstərə bilər, Rusiya isə ona qarşı jest və ya cavab demarşı həyata keçirə bilər. Lakin sabah vəziyyət dəyişsə, Paşinyanın necə davranacağı bəlli deyil".
Ayşən Səlimova