ADY-nin “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verilib

Tarix: 17:49 19.06.2025
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi təlim və inkişaf strategiyası çərçivəsində mobil təlim platforması olan səyyar təlim qatarı – “Bilik Ekspresi” istifadəyə verilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, ADY-dən verilən məlumata görə, layihənin əsas məqsədi regionlarda fəaliyyət göstərən struktur bölmələrin əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması, fərdi inkişaflarının dəstəklənməsi və karyera irəliləyişlərinə şərait yaradılması, həmçinin “Bilik Ekspresi” vasitəsilə təlim və inkişaf imkanlarının daha geniş coğrafiyada əlçatan edilməsidir.
ADY “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə görülən işlərə dəstəyini davam etdirərək “Bilik Ekspresi” layihəsinin ilk mərhələsini məhz Ağdam şəhərində həyata keçirib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində keçirilən tədbir zamanı ADY-nin həmin ərazidə çalışan əməkdaşları üçün stansiyalarda hərəkət sahəsi üzrə işin təşkili mövzusunda təlimlər təşkil olunub. Bununla yanaşı, ADY-nin korporativ dəyərləri və etik davranış kodeksi ilə bağlı maarifləndirmə sessiyaları keçirilib.