"Oğlum raket təhdidlərinə görə toyunu təxirə salıb"

Tarix: 18:59 19.06.2025
İsrailin Baş naziri Benyamin Netanyahu İrandan atılan raketlə hədəf alınan Beerşeba şəhərindəki Soroka Tibb Mərkəzinə baş çəkib. O, burada yaralılarla görüşüb və vəziyyətlə bağlı media nümayəndələrinə açıqlama verib.
Netanyahu bildirib ki, bu hücumların itkisini yalnız ordu deyil, bütün İsrail cəmiyyəti hiss edir:
“Hazırda ildırım sürətilə həyata keçirilən hücumla qarşı-qarşıyayıq və bu çətinliklərin öhdəsindən heyrətamiz şəkildə gəlirik. Ancaq bunun şəxsi itkisi də var: insanlar yaralanır, ailələr yaxınlarını itirir. Hər birimiz bu prosesdə fərdi şəkildə hesab veririk. Mənim ailəm də istisna deyil – oğlum Avner raket təhdidləri səbəbindən ikinci dəfə toyunu təxirə salıb. Bu da şəxsi hesabdır”.
Baş nazir həmçinin qeyd edib ki, İranın ali dini lideri Əli Xameneinin də hədəf alınması ehtimal xaricində deyil:
“Heç kim toxunulmaz deyil. Bütün variantlar masadadır. Amma bu barədə açıq danışmaq düzgün olmaz”.
Netanyahu, ABŞ-nin müharibəyə mümkün iştirakı ilə bağlı da fikirlərini bölüşüb:
“Bu, Prezident Trampın qərarıdır. O, Amerika üçün nə yaxşıdırsa, onu edəcək. Mən isə İsrail üçün nə yaxşıdırsa, onu edəcəyəm. Tramp oyunun qaydalarını yaxşı bilir”.
Sonda Netanyahu İsrailin təhlükəyə qarşı təkbaşına hərəkət etməyə hazır olduğunu vurğulayıb:
“Bu əməliyyatın sonunda nə nüvə, nə də ballistik təhlükə qalacaq. İsrail lazım gəldikdə bu missiyanı təkbaşına yerinə yetirməyə qadirdir”.
Mənbə :Caliber
Aytən Ağazadə