İran və "Avroüçlüyün" XİN başçılarının yeni görüşü yaxın iki həftə ərzində keçirilə bilər

Bölmə: Dünya › ,
Tarix: 15:08 21.06.2025

 

İran, Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri yaxın iki həftə ərzində nüvə problematikası ilə bağlı daha bir görüş keçirə bilərlər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti adı açıqlanmayan avropalı diplomata istinadən yazır.

 

"Yeni görüşün tarixi hələ təyin edilməyib, lakin rəsmilər ABŞ Prezidenti Donald Trampın əsassız olaraq təyin etdiyi müddət bitənə qədər iki həftə ərzində toplaşmaq niyyətindədirlər", - nəşr bildirib.

 

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, dünən Cenevrədə "Avroüçlüyün" XİN başçıları və İranın xarici işlər naziri Abbas Əraqçi arasında keçirilən görüş heç bir irəliləyiş olmadan başa çatıb.


Daha əvvəl Tramp bəyan edib ki, ABŞ Tehranın nüvə fəaliyyəti ilə əlaqədar yaranan böhranın diplomatik yolla həlli üçün İrana maksimum iki həftə vaxt verməyə hazırdır.