Çin və Rusiya ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrini pisləyib

Tarix: 21:34 23.06.2025
Çin Xarici İşlər Nazirliyi ABŞ-nin İrana zərbələrinin BMT Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərini ciddi şəkildə pozduğunu, həmçinin Yaxın Şərqdə gərginliyi daha da artırdığını vurğulayıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, 22 iyun tarixində BMT Təhlükəsizlik şurasında krçirilən iclasda Çin, Rusiya və Pakistan nümayəndələri ABŞ-nin İrana endirdiyi zərbələri qınadılar və etiraz etdilər:
"Bunu BMT-nin nizamnaməsinin pozuntusu kimi qəbul etdiklərini bildirdilər. ABŞ öz əməliyyatlarının səbəblərini əsaslandırmağa çalışır və hesab edir ki, İran terroru dəstəkləyən dövlətdir. Bu baxımdan ABŞ-nin İran ərazisinə zərbələr endirməsi əlbəttə ki, hüquq pozuntusudur. Bu zərbələrin regionda hansı gərginliklərə yol aça biləcəyini indidən demək çətindir, amma ehtimal olunan 2 istiqamət var: İranın bununla bağlı müəyyən cavab tədbirləri həyata keçirməsi; ABŞ-nin bölgədəki hərbi bazalarının vurulması. Həmçinin Hörmüz boğazının bağlanması məsələsi də gündəmə gələ bilər. Nəzərə alsaq ki, İran parlamenti Hörmüz bağazının bağlanması ilə bağlı qərar qəbul edib və bu çox ciddi bir hadisədir. İranın körfəzi bağlamaq cəhdləri sərt reaksiyalara səbəb ola bilər. Körfəzin bağlanma cəhdləri İrana da ciddi zərər verəcək, çünki İranın əsas enerji daşıyıcıları məhz bu körfəz vasitəsi ilə dünya bazarına çıxarılır. Eyni zamanda İranın əsas strateji tərəfdaşı sayılan Çinin də enerji tədarükünün əhəmiyyəti məhz bu regiondan təmin edilir. ABŞ-nin hücumlarının məqsədi ondan ibarətdir ki, İranın nüvə proqramı durdurulsun və nüvə silahı əldə etmək cəhdlərinə son qoyulsun. Hazırda İranın bu təklifi qəbul etməsi real görünmür. Çünki belə bir qərarın qəbul olunması İranda 46 ildir mövcud olan rejimin iflası demək olardı".
Fatimə Heydərova