ABŞ-İsrail zərbələri-İran zəif, region dəyişir

Bölmə: Siyasət › ,
Tarix: 21:52 23.06.2025

ABŞ və İsrailin son hava zərbələri Yaxın Şərqdə güc balansını ciddi şəkildə dəyişib. İranın hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması onun hərbi zəifliyini üzə çıxarıb. Bu vəziyyət regionda yeni siyasi və hərbi düzənin formalaşmasına zəmin yaradır.

 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, İsrailin həyata keçirdiyi aviasiya zərbələri zamanı ABŞ-nin hava hücumundan müdafiə sistemlərinin qeyri-effektivliyi üzə çıxıb:

 

"İsrail döyüş təyyarələri İranın hava hücumundan müdafiə sistemlərinin böyük bir hissəsini sıradan çıxarıb. Məhz buna görə də ABŞ bombardmançı təyyarələrinin İranı bombalayarkən ciddi müqavimətlə üzləşməməsi təəccüblü görünmür. Bu təyyarələr demək olar ki, İranın müdafiəsiz hava məkanına daxil olmuş və heç bir maneə ilə qarşılaşmadan hədəflərə zərbələr endirib, bazalarına geri qayıda biliblər. Bütün bunlar qüvvələr nisbətinin kifayət qədər fərqli olduğunu və ABŞ-nin bu məsələdə tam hərbi üstünlüyə malik olduğunu göstərir. Bu baxımdan, İranın növbəti addımları ciddi maraq doğurur. Rəsmi Tehran ABŞ-ə məxsus hədəflərə zərbə endirərsə, bu, İrana daha ağır nəticələrə başa gələ bilər. Əgər cavab verməzsə, o zaman beynəlxalq nüvə anlaşması çərçivəsində ABŞ-nin şərtlərini qəbul etməyə məcbur qala bilər".

 

Ekspert həmçinin bunu da bildirib ki, yaxın günlərdə regionda daha maraqlı və həlledici hadisələrin baş verməsi mümkündür:

 

"ABŞ Prezidenti Donald Trump artıq ABŞ-nin savaş meydanında qələbə qazandığını elan edib və bu uğurun diplomatik müstəviyə keçməsi gözlənilir. Ümumiyyətlə, İsrailin İrana zərbələr endirməsi və ardınca ABŞ-nin birbaşa bu münaqişəyə müdaxilə etməsi Yaxın Şərqin yenidən dizayn olunması prosesinin bir hissəsidir. ABŞ, İsrail vasitəsilə regionun siyasi və hərbi düzənini yenidən formalaşdırır. Yaxın gələcəkdə bu yeni düzənin hansı geosiyasi mənzərəyə malik olacağı daha aydın şəkildə ortaya çıxacaq. Hazırda aydın olan odur ki, Yaxın Şərq artıq əvvəlki kimi olmayacaq. Bu regionda ABŞ-nin hərbi-siyasi iradəsi daha önəmli rol oynayacaq və böyük ehtimalla proseslər ABŞ-ın maraqları çərçivəsində yönləndiriləcək".


Gülhüseynova Güllər