Böyük Britaniya ilə hərbi saziş imzalanıb

Tarix: 19:26 24.06.2025
Ukrayna Prezidenti Vladimir Zelenski Londona səfəri çərçivəsində Böyük Britaniyanın yeni Baş naziri Keyr Starmerlə görüş keçirib.
Bu barədə Zelenski rəsmi “Telegram” hesabında məlumat yayıb.
Görüş zamanı tərəflər Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə ediblər. Zelenski enerji və bank sektorlarına, “kölgə donanması”na, ikili təyinatlı komponentlərin tədarükçülərinə və “Oreşnik” istehsalı ilə məşğul olanlara qarşı təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.
Görüşün sonunda Zelenski və Starmer Ukrayna ilə Böyük Britaniya arasında birgə hərbi istehsal barədə saziş imzalayıblar.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki,ümumiyyətlə, müharibədə olan bir dövlət üçün bütün dövlətlərlə əlaqələr qurmaq, onlardan dəstək almaq və xüsusən hərbi sahədə hər hansı sazişlər imzalamaq yaxud birgə istehsal barədə qərarların qəbul edilməsi və.s kimi bütün bu razılaşmalar olduqca önəmlidir:
“Çünki müharibə vəziyyətində bəzən heç gözlənilmədən ən zəif saydığımız silahlar belə bir ölkənin imdadına yetə bilər və əməliyyatların gedişini dəyişə bilər.
Bu nöqtədə Britaniya kimi böyük imperiya təcrübəsi olan və günümüzün ən güclü hərbi-texniki sənayelərindən birinə malik olan bir dövlətlə Ukraynanın belə bir razılaşma əldə etməsi, əlbəttə ki, onun hərbi imkanlarının genişləndirilməsində xüsusi rola malik olacaq. Ən azından bu kimi imzalar, dünyanın diplomatiya sahəsində ən fəal ölkələrindən biri ilə hərbi-texniki sahədə ən irəlidə olan dövlətlərdən biri ilə razılaşma Ukraynanın beynəlxalq müstəvidə fərqli tərəfdaşlar və yeni ortaq razılaşmalar əldə etməsinə də səbəb ola bilər.
Və ən əsası isə, Ukraynanın daxilində — həm hərbçilər, həm də vətəndaşlar arasında — ruh yüksəkliyinə səbəb ola bilər. Bu, yeni bir ümid, yeni bir gözlənti doğuracaq. Cəbhədə döyüşən Ukrayna əsgəri bundan daha çox ilham alacaq. Evdə əsgər övladını, həyat yoldaşını gözləyən sadə Ukrayna vətəndaşı daha da ümidlənəcək. İtkilərin qarşısının alınmasında, əməliyyatların uğurla aparılmasında bu kimi addımların faydalı olacağını düşünəcək. Daxili və xarici bütün aspektlərdə bu qərarın Ukraynanın xeyrinə olduğu açıqdır.
Amma burada bir məsələ qarşımıza çıxır: Britaniya hansı səviyyədə Ukraynaya dəstək göstərəcək? Əgər göstərilən dəstək elementar hərbi-texniki bilgilər və ya sadə silahlarla kifayətlənərsə, bu halda böyük nəticələr gözləmək əlbəttə ki, mümkün deyil. Lakin Britaniya özündə olan hərbi-texniki imkanların ən yaxşıları ilə Ukraynaya dəstək göstərməyi qarşısına məqsəd qoyarsa, o zaman cəbhədəki gedişat baxımından ciddi nəticələr gözləmək olar.
Starmerin Rusiyaya qarşı sanksiya siyasətinə gəldikdə isə, burada bir məqam önəmlidir. Mən düşünürəm ki, sanksiyalar məsələsi o qədər də effektiv deyil. Bunun iki əsas səbəbi var.
Birincisi, Rusiyanın daxili imkanları məsələsidir. Yəni Rusiya başdan-ayağa təbii sərvətlərlə zəngin, bütün mineral ehtiyatlara malik olan bir dövlətdir. Sənayedən tutmuş nüvə sahəsinə, kosmik ehtiyatların istehsalı və emalına qədər bir çox istiqamətdə öz ehtiyatları ona kifayət edir. Rusiya həmçinin kənd təsərrüfatı məhsulları baxımından da Avropadan asılı deyil. Ola bilər ki, Türkiyədən, Azərbaycandan və ümumilikdə Cənubi Qafqaz, Mərkəzi Asiyadan bəzi məhsullar onun üçün önəmlidir, lakin Avropa bu nöqtədə həlledici rol oynamır. Üstəlik, Rusiyanın kənd təsərrüfatı sahəsində ciddi potensialı var. O, dünyanın ən böyük buğda və taxıl istehsalçısı və ixracatçılarındandır. Həmçinin heyvandarlıq və digər əkinçilik məhsulları da ölkədə kifayət qədər mövcuddur.
Beləliklə, Rusiyanın xarici asılılığı az olduğu üçün, istər sənaye, istər kənd təsərrüfatı, istərsə də təbii ehtiyatlar baxımından, ona qarşı tətbiq edilən sanksiyalar iqtisadiyyatına ciddi zərbə vurmur. Burada sadəcə enerji məhsullarının qiyməti məsələsi önə çıxır. Məsələn, tavan qiyməti tətbiq edilib – 60 dollardan artıq Rusiya nefti və qazı alına bilməz deyə. Lakin bu gün görürük ki, dünya siyasəti elə qarışıq hal alıb ki, heç kim bu tavan qiymətinə məhəl qoymur. Neftin qiyməti bazarda ucuzlaşanda bu limitin altına düşür, bahalaşanda isə üstünə çıxır. Bu da Rusiyanın Avropanın gözlədiyi qədər iqtisadi zərbə almadığını göstərir.
İkinci səbəb isə Avropa dövlətlərinin sanksiyalarının Rusiya iqtisadiyyatını məhv edəcək qədər sistemli və ciddi şəkildə hazırlanmayıb. Sadə, səthi hazırlanır. Avropa Rusiyadan enerji ixracına tamamilə qadağa qoysa, bəli, onda Rusiya iqtisadiyyatının çökməsindən danışa bilərik. Və ya sənaye və kənd təsərrüfatı məhsullarına ümumi embarqo tətbiq edilsə və bu qadağa Avropanın özündən əlavə, onunla əməkdaşlıq edən ölkələr üçün də keçərli olsa, o zaman Rusiyanın iqtisadiyyatı ciddi zərbə ala bilər. Amma Avropa bunu etmir. Təbii ki, edə bilməz. Çünki özü də enerji baxımından Rusiyadan asılıdır. Həmçinin sənaye və təbii ehtiyatlar baxımından da Rusiyaya ehtiyac duyur. Bu səbəbdən Avropa bunu birmənalı şəkildə edə bilməz. Çünki Rusiyanın iqtisadiyyatı çöksə belə, Avropa və ABŞ-nin iqtisadiyyatı da ağır zərbə alacaq. Çinə qarşı mübarizədə isə Avropa geri plana düşə bilər”.
Siyasi şərhçi əlavə edib ki, kölgə donanması və Orenşiklə bağlı suallara gəldikdə isə, bunların heç biri nəticə verməyəcək:
“Çünki Rusiya bu gün faktiki olaraq bütün təzyiqlərə, hədə-qorxulara baxmayaraq Qərbə meydan oxuyur. Müharibənin üzərindən illər keçsə də, Rusiya hələ də bu əməliyyatları davam etdirə bilir. Məqsədinə tam mənada çata bilməyib, çata da bilməyəcək. Çünki bölgədəki reallıqları da nəzərə almaq lazımdır. Qərb buna imkan vermir – nə ABŞ, nə də Ukrayna ordusu savaşmaqdan imtina edir.
Amma bütün bunlara baxmayaraq Rusiya bu gün Qərbə qarşı meydan oxuyur, maraqlarından dönmür, hər şeyə sinə gəlir və öz məqsədlərinə doğru addımlar atmağa davam edir. Ona görə də artıq heç bir təzyiq, heç bir sanksiya Rusiyanı geri addım atmağa məcbur edə bilmədiyi kimi, bundan sonra da ciddi nəticə verə biləcəyini düşünmürəm.
Dünya siyasəti getdikcə daha da qarışır, qlobal qarşıdurmalar artır. Şərq və Qərb mərkəzli güclər diplomatik kanalları belə dağıtmaqdadır. Güc amili ön plana çıxır. Belə bir reallıqda Rusiya, təbii ki, gücdən və gücünü artırmaqdan imtina etməz”.
Mahmudlu Ləman