"Atletlərimiz Avropa çempionatında etimadı doğrultdular"

Bölmə: İdman › ,
Tarix: 16:42 26.06.2025

Sloveniyanın Maribor şəhərində komandalar arasında Avropa çempionatında çıxış edən Azərbaycan atletləri onlara olan etimadı doğruldublar. 


"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə qurum mətbuat xidmətinə açıqlamasında deyib. 

 

O, yarışda qazanılan nəticələrlə bağlı təəssüratlarını bölüşüb: 

 

"Millimiz komandalar arasında Avropa çempionatında son illərin ən uğurlu nəticəsini əldə etdi. Yarışda 3-cü divizionda yer alan komanda ümumi hesabda 315.5 xal toplayaraq 15 ölkə arasında 6-cı yeri tutdu. Yığma 2017-ci ildə 10-cu, 2019-cu ildə 11-ci, 2021-ci ildə 15-ci, 8 atlet ilə qatıldığımız 2023-cü ildə isə 13-cü sırada qərarlaşmışdı. Aparılan təhlillərdən sonra bu dəfə məqsədimiz daha geniş heyətlə təmsil olunmaq idi. Yekunda Sloveniyaya 24 idmançı yolllandı. Daha bir diqqət çəkmək istədiyim məqam bu dəfə heyətdə legionerlərin olmamasıdır. İdmançılarımızın onlara olan etimadı doğrultduğunu söyləyə bilərəm".