İsveçrədə istilər səbəbindən atom elektrik stansiyası dayandırılıb

Tarix: 11:24 04.07.2025
Avropada istilər temperatur rekordlarını qırır: qitənin bəzi bölgələrində hava temperaturu 40 dərəcəni keçir. Avropa dözülməz istilərlə üz-üzədir. Türkiyədə meşə yanğınları alovlanıb.
Alov İzmir vilayətinin sahil şəhəri olan Çeşməyə çatıb. Yanğının söndürülməsinə yüzlərlə yanğınsöndürən, təyyarələr və helikopterlər cəlb olunub.
Son bir həftə ərzində yandırıcı günəş, aşağı rütubət və güclü külək səbəbindən ölkə boyunca yüzlərlə yanğın baş verib. Onların əksəriyyəti söndürülüb, lakin on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bir kənddə 81 yaşlı kişinin boğularaq ölməsi barədə məlumat verilib, kəndin digər sakinləri isə vaxtında təxliyə olunublar.
Sinoptiklərin proqnozuna görə, cümə günü İtaliyada və demək olar ki, bütün Cənubi Avropada istilər pik həddə çatacaq.
İtaliyanın Səhiyyə Nazirliyi bildirir ki, ölkənin 27 böyük şəhərindən 17-də anormal yüksək temperatur qeydə alınıb. Həftənin əvvəlində azı beş nəfər həyatını itirib.
İtaliyanın şimalında yerləşən Bolzano şəhərində +37 dərəcə temperaturla müşahidə olunan anormal istilər getdikcə daha tez-tez baş verir. Şəhər təpəlik ərazidə yerləşir və burada yaşıllıq azdır, bu da istiliyi daha da artırır. Xüsusilə sənaye bölgələrində vəziyyət ağırdır, bəzi yerlərdə asfalt belə əriyir.
Euronews
Fatimə Heydərova