Pezeşkian Füzuliyə gəlib

Tarix: 16:39 04.07.2025
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, İran prezidentinin Füzuliyə səfəri olduqca önəmli məsələdir:
"Bildiyiniz kimi, istər torpaqlarımız işğal altında olanda, istərsə də 44 günlük müharibə və antiterror əməliyyatları zamanı, o cümlədən bu gün Zəngəzur dəhlizi məsələsində İranın mövqeyi birmənalı olmayıb. İndi isə Azərbaycanın təşəbbüsü ilə ECO Zirvə görüşünün Xankəndidə keçirilməsi, İran da daxil olmaqla bir sıra ölkələrə açıq mesajdır: bu torpaqlar əvvəldən Azərbaycana məxsusdur və Azərbaycan burada istənilən beynəlxalq tədbiri keçirmək gücünə malikdir. İran prezidentinin Füzuli Hava Limanına enməsi və oradan Xankəndinə getməsi bu reallığın qəbul edildiyini göstərir. Füzuli isə İranla sərhəd bölgəsinə yaxın ərazidir və bu da bir daha sübut edir ki, Azərbaycan regionda söz sahibidir və müstəqil siyasət yürüdür. İran-Azərbaycan münasibətlərinə gəlincə, düşünürəm ki, Pezeşkianın prezident seçilməsindən sonra yeni mərhələ başlayıb. Bu, İran prezidentinin Azərbaycana ilk rəsmi səfəri olduğu üçün əlaqələrin daha yüksək səviyyədə inkişafı üçün ciddi fürsətdir.
Xatırladım ki, 12 günlük İran-İsrail gərginliyi dövründə bəzi İran media dairələrində Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdi. Lakin Azərbaycan mövqeyini qəti şəkildə ortaya qoydu. Xarici işlər naziri Ceyhun Bayramov da bəyan etdi ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı hücum olmayıb və olmayacaq. Prezident Pezeşkianın bu səfəri isə münasibətlərin inkişafı baxımından dəyərli fürsətdir. ECO Zirvə görüşünün özü isə iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətlidir. Bu görüş Qarabağın təhlükəsiz, sərmayə yatırımı üçün əlverişli məkana çevrildiyini göstərir. İştirakçı ölkələrin bölgədə həyata keçirəcəyi investisiya layihələri iqtisadi dövriyyəni artıracaq və qarşılıqlı əlaqələri genişləndirəcək. Ümid edirəm ki, bu niyyətlər real nəticələrlə davam edəcək və Qarabağın inkişafına töhfə verəcək".
Qəmər Kazımzadə