Ukrayna 20-yə yaxın ölkədə səfirini dəyişir

Bölmə: Siyasət › ,
Tarix: 15:56 09.07.2025

Ukrayna hakimiyyəti 20-yə yaxın səfirini, o cümlədən ABŞ-dakı, həmçinin G7 və G20 ölkələrindəki səfirini dəyişdirmək niyyətindədir.


Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirir ki, Ukraynanın 20-yə yaxın ölkədə, o cümlədən ABŞ, G7 və G20 dövlətlərində səfirlərini dəyişdirmək qərarı ilk növbədə bir neçə əsas meyara dayanır:


“İlk olaraq uzunmüddətli rotasiya zərurəti, siyasi kursa uyğunlaşdırma və diplomatik aktivliyin artırılması ehtiyacı. Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə dəfə vurğulayıb ki, ölkənin diplomatik nümayəndəlikləri yalnız formal təmsilçiliklə kifayətlənməməli, həm də fəal şəkildə Ukraynanın maraqlarını müdafiə etməli, informasiya müharibəsində effektiv alətə çevrilməlidirlər. Bu baxımdan, köhnə kadrların əvəzlənməsi, yeni çağırışlara daha çevik cavab verəcək diplomatların təyinatı ilə izah olunur. Yeni səfirlərin təyinatı Rusiya ilə informasiya və diplomatik müstəvidəki mübarizədə Ukraynaya mühüm üstünlüklər qazandıra bilər. Xüsusilə Qərb ölkələrində təmsilçilik səviyyəsinin yüksəldilməsi, beynəlxalq auditoriyaya doğru mesajların daha effektiv ötürülməsi və Ukraynanın mövqelərinin daha peşəkar şəkildə müdafiəsi Rusiya təbliğatının təsirini azaltmaq üçün əhəmiyyətlidir. Bu dəyişikliklər Ukraynanın yalnız siyasi deyil, həm də informasiya təhlükəsizliyi strategiyasının tərkib hissəsi kimi dəyərləndirilə bilər. ABŞ və digər G7/G20 ölkələrindəki səfirlərin dəyişdirilməsi həm də Qərb ilə münasibətlərdə yeni mərhələyə keçidin göstəricisi kimi qəbul oluna bilər. Ukrayna hazırda təkcə hərbi dəstəyə deyil, həm də strateji tərəfdaşlıq əlaqələrinin dərinləşməsinə ehtiyac duyur. Yeni səfirlərin təyinatı bu istiqamətdə qarşılıqlı anlaşmanın və əməkdaşlığın intensivləşdirilməsinə yönəlmiş addım kimi oxunur. Beləliklə, bu diplomatik dəyişikliklər Ukraynanın xarici siyasətində təkamülün və adaptasiyanın vacib elementi kimi çıxış edir”.

 

Aysel Mirzəyeva